Şəhid övladı deputatlığa namizəd oldu

Jurnalist, şəhid oğlu Zaur Əhməd (Zaur Əhməd oğlu Məmmədov) deputatlığa namizədliyini irəli sürüb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə məlumat verən Zaur Əhməd deyib ki, seçkilərə öz doğma yurdu Cəbrayıldan qatılıb: “Artıq 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Hətta imza vərəqələrini də götürüb, prosesə başlamışıq. Bu dairəni seçməkdə məqsədim var.

Mən Qarabağ savaşında ciddi yara alan bir nəsli, ailəni təmsil edirəm. Bütün nəslim, qohum-əqrəbam məcburi köçkün düşüb, evsiz-eşiksiz, Vətənsiz qalıb. Ən əsası, atam Qarabağ savaşında şəhid olub. Bu səbədən də işğal olunmuş doğma rayonumdan millət vəkili seçilib, yaralı bir təbəqənin təmsilçisi olmağı özümə borc bilirəm. Bu səbədən də, seçki marafonuna məhz bu dairədən qoşulmuşam”.

O qeyd edib ki, deputat yox, millətin həqiqi vəkili olmaq üçün mübarizəyə qoşulub: “Əsas amalım da doğma yurdum Cəbrayılın, eləcə də bütün Qarabağın azad olunması, hər bir vətəndaşının azad, firavan, işıqlı gələcəyinin qurulması və ən əsası, Qüdrətli, Azad, Milli ruhu yüksək Azərbaycan üçün çalışmaqdır.

Dünən mübarizə Qarabağda döyüş meydanında gedirdisə, bu gün müstəvi fərqlidir. Odur ki, atamın başlatdığı və şəhid olduğu bu savaşı yeni müstəvidə davam etdirmək qərarını verdim. Hər halda, müvafiq prosedurları keçəndən sonra yürüyəcəyimiz yolu və hədəfləri daha konkretləşdirəcəyik”.

Məlumat üçün bildirək ki, Zaur Əhməd oğlu Məmmədov 1983-ci ildə anadan olub. Bakı Dövlət Unversitesinin Jurnalistika fakültəsinin məzunudur.

2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, 2003-cü ildə xidməti başa vurub. İlk olaraq, 2000-ci ildə “Şərq” qəzetində, daha sonra “Neytral” qəzetində işləyib. 17 il “Reytinq” qəzetində müxbir, məsul katib, redaktor vəzifələrində çalışıb. Bununla yanaşı, 2008-ci ildən 2018-ci ilə qədər Müstəqil İnformasiya Agentliyinin redaktoru və baş redaktoru vəzifələrini daşıyıb. Hazırda “Unikal” qəzetinin redaktoru vəzifəsində çalışır.

Atası, Əhməd Teymur oğlu Məmmədov 1959-cu ildə Cəbrayıl rayonu, Hacılı kəndində anadan olub. 1994-cü ilin aprel ayının 11-də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Share: