İran gömrükçüləri 480 ton narkotik vasitə müsadirə ediblər

Cari ilin ötən dövründə İranın gömrük-keçid məntəqələrində ümumilikdə 480 ton narkotik vasitə müsadirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın baş gömrük idarəsi məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələr əsasən İranın Pakistan və Əfqanistan ilə sərhəd-keçid məntəqələrində müsadirə edilib. Qaçaqmalçılar narkotik vasitələri müxtəlif vasitələrlə İrana keçirməyə çalışırlar. Bəzi hallarda gömrükçülər Əfqanıstandan İrana gələn adamların üzərindən 1 kiloqramdan çox narkotik maddə aşkar edirlər.

Sintetik narkotiklər xüsusi ilə təhlükəli olduğu üçün onların İrana keçirilməsinin qarşısının alınması istıqamətində daha ciddi tədbirlər həyata keçirilir. Buna baxmayaraq, qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edib narkotik vasitələri Avropaya daşımağa can atırlar.

Məlumatda qeyd edilib ki, ABŞ hərbi kontingenti Əfqanıstana daxil olduqdan sonra narkotik vasitələrin qaçaqmalçılığı artıb.

Share: