PSJ-nin idman direktoru Leonardo Edinson Kavaninin komandadan ayrılmaq istədiyini təsdiqləyib.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, “Atletiko”nun uruqvaylı hücumçunu almaq istədiyini, lakin təklif edilən məbləğin uyğun olmadığını bildirib:
“Kavani üçün həmişə eyni şeyi söyləmişik. Komandada qalacağını gözləyirdik. Bu gün isə ayrılmaq istədiyini dedi. Vəziyyəti dəyərləndiririk. “Atletiko”dan təklif gəldi. Amma Kavaninin dəyərində bir məbləğ deyildi. Yenə də onun fevral ayında burada olacağını düşünmürəm. Deyiləsi nə isə yoxdur. Kavanini satmağı heç fikirləşməmişdik”.
Direktor 32 yaşlı futbolçunun gedəcəyi təqdirdə komandada onun yerini doldura biləcək futbolçuların olduğunu da deyib: “Hər bir mövqedə oynaya biləcək futbolçularımız var. Amma Kavani kimi bir oyunçunun yerini doldurmaq çox çətindir. Dediyim kimi, onu satmağı düşünməmişdik. Lakin qərarını hörmətlə qarşılayırıq. Ən vacibi hər kəsin istəyini nəzərə almaqdır”.
Qeyd edək ki, E. Kavani bu mövsüm PSJ-nin heyətində 14 oyuna çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini verib.