Qənirə Paşayeva Ərşad Salehi ilə görüşdü

Qənirə Paşayeva Ərşad Salehi ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva ölkəmizdə səfərdə olan İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi və onun rəhbərlik etdiyi İraq, Kərkük nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmanların durumu, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanı “qardaş vətən” adlandıran Ərşad Salehi İraq türkman təşkilatlarının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb. O, bütün türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.

Q.Paşayeva Ə.Salehinin rəhbərlik etdiyi heyətin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə inandığını deyib. Deputat BMT, ATƏT-in və beynəlxalq ictimaiyyətin İraq türkmanlarının vəziyyətinə laqeyd münasibətini qınayıb.

O bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmanlarına ciddi dəstək istiqamətində addımları artırmalıdır.

Görüşün sonunda Q.Paşayeva İraq Türkman Cəbhəsinin lideri, millət vəkili Ərşad Salehi və İraq türkmanlarını təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib.

Qeyd edək ki, Ə.Salehinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Məclisi, hökumətdə bir sıra qurumların rəhbərləri ilə görüşlər keçirib və Azərbaycan-İraq münasibətlərinin, Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıb.

Share: