Hansı daha təhlükəlidir – koronavirus, yoxsa hantavirus? – Alim Simayya Şeyk izah edir

Neyrofiziologiya sahəsində mütəxəssis, alim Simayya Şeyk Twitter hesabındakı açıqlamasında hantavirusun insandan-insana keçməsini nadir hal adlandırıb.

Milletinsesi.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimin sözlərinə görə, bu virusun törətdiyi xəstəlik hələ ötən əsrin ortalarında, Koreya müharibəsi zamanı yaranıb. Şeyk əmin edib ki, hantavirus əleyhinə peyvənd var və buna görə panika yaratmağa gərək yoxdur.

​Uhan Universitetinin virusoloqu Yan Çjantszyu isə hantavirusdan ölən çinlinin olduğu avtobusdakı insanların da bu mərəzə yoluxma ehtimalının çox az olduğunu bildirib.

“COVID-19-dan fərqli olaraq hantavirus əksər hallarda nəfəs yolları ilə yayılmır”, – Global Times-a müsahibə verən Çjantszyu əmin edib.

Ancaq onun sözlərinə görə, virus yoluxmuş insanlardan digərlərinə ifrazat və qan vasitəsilə keçə bilər.

Virusoloq bildirib ki, hantavirusa görə narahat olmaq lazım deyil, çünki onun yaratdığı xəstəlik profilaktika və nəzarət oluna bilir. Bundan başqa, şəhərlərdə hantavirusun yayılma dərəcəsi də azdır, daha çox kəndlərdə rast gəlinir.

Hantavirus böyrək, qaraciyər və digər daxili orqanları zədələyə, eləcə də titrətmə və geniş qanaxma yarada bilər.

Bu günlərdə məlumat yayılıb ki, Çində bir kişi hantavirusdan ölüb. O, sifarişli avtobusla işə gedirmiş.

Yoluxma daha çox gəmiricilər və onların həyat fəaliyyətinin nəticələri ilə təmasda olarkən baş verir. İnsandan-insana keçmə hantavirus üçün xarakterik deyil. Belə hallara ancaq Çili və Argentinada rastlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq 372 mindən çox insan koronavirusa yoluxub, qurbanların sayı 16 mini keçir.

Share: