Masazır bələdiyyəsinin sədri Sifənyar Əliyevin əməlində qanunsuzluq faktı ilə bağlı iki müavini də daxil olmaqla, bələdiyyətinin 9 üzvü şikayət məktubu yazıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, surəti isə Ədliyyə Nazirliyinin Sumqayıt Regional Şöbəsinin rəisi Sahib Bayramova ünvananan müraciətdə bildirilir ki, Masazır bələdiyyəsinin sədri S.Əliyev bələdiyyə üzvləri ilə məsləhətləşmədən, təkbaşına qərar verir.
13 bələdiyyə üzvündən 9-nun (o cümlədən bələdiyyə sədrinin müavinləri Söhbət Məmmədov və Maşallah Abışov) imzaladığı müraciətdə bələdiyyə sədrinə etimadsızlıq göstərdikləri də qeyd edilib.
Maraqlıdır ki, müraciətin göndərilməsindən uzun müddət keçsə də, bələdiyyə sədri ilə bağlı heç bir tədbir görülməyib.
Bələdiyyə üzvlərinin sözlərinə görə, sədrin işdən azad edilməsi üçün iclas keçirmək istəsələr də, S.Əliyev buna imkan verməyib, rəsmi qurumlar isə reaksiya verməyib.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən Rəhman Məmmədov Axar.az-a açıqlamasında bildirib ki, hansısa bir dövlət orqanının səlahiyyəti yoxdur ki, bələdiyyə sədrini vəzifəsindən azad etsin:
“Qanunvericilikdə müəyyən hallar nəzərdə tutulub ki, o hallar olduqda bələdiyyə üzvləri iclas keçirərək, bələdiyyə sədrini vəzifəsindən azad edə bilərlər. Bələdiyyə müstəqil qurumdur. Onlar müstəqil şəkildə öz iclaslarını keçirərək gündəliyini müəyyənləşdirirlər. Bələdiyyə kimi müstəqil qurumun sədrini və müavinini seçmək, onları vəzifədən azad etmək bələdiyyə üzvlərinin səlahiyyətindədir”.
Məsələ ilə bağlı Masazır bələdiyyəsinin tabe olduğu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin Sumqayıt Regional Şöbəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə sorğu göndərmişik…