Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkarlanıb.
Bu barədə Baş Konsulluqdan məlumat verilib.
Belə ki, 1945-ci il mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frenk Huk erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib. Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib.
Məqalə daşnakları uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış “quldur dəstəsi” adlandırır. Daşnakların yaranma tarixindən bəhs edən məqalə onların terrorizmi əsas siyasi alət kimi mənimsədiklərini bildirir.
Erməni daşnaklarının ABŞ-da Daşnaksutyun partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdiklərini qeyd edən məqalə, bu səpkidə Amerikadakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Touriyanın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyini diqqətə çatdırır.
Daşnakların nasizmə rəğbət bəslədiklərini vurğulayan məqalə onların ABŞ-ın Boston şəhərində nəşr edilən “Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il sayına istinad edərək, daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyaya yeni həyat verən uğurlu sistemlər” hesab etdiklərini qeyd edir.
Məqalə daha sonra daşnakların kəskin antisemit olduqlarını vurğulayaraq, onların bu mövzuda çoxlu məqalələr dərc etdirdiklərini bildirir və “Hairenik” qəzetinin 1936-cı ilin avqust sayından daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur: “Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. Və insanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda bu cəhd və üsullar inqilabi hesab edilir. Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır.” Göründüyü kimi erməni daşnakları altı milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini “zəhərli elemetlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı” adlandırır.
Sözügedən sənəddə, həmçinin nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğunu və əsasən erməni gənclər arasında bu ideyanı yaydığını, habelə onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyini və bu ideyaları özü üçün əsas götürdüyünü vurğulayır. Məqalə həmçinin Njde və onun erməni daşnak tərəfdaşlarının erməni gənclərinə bu irqçi ideyaları mənimsəmələri və bu ideyalara sadiq qalmaları ilə bağlı çağırışı özündə ehtiva edən və “Hairenik Weekly” qəzetinin 11 yanvar 1935-ci il sayında dərc edilmiş müraciətini təqdim edir.
Qeyd edək ki, ABŞ-da Azərbaycana qarşı məkrli fəaliyyət göstərən əsas erməni lobbi təşkilatı – Amerika Erməniləri Milli Komitəsi – Daşnak təşkilatıdır.(report.az)
Sənədi bu link vasitəsilə oxumaq və yükləmək mümkündür.