Bakıda may ayında rekord istilər olacaq? – Açıqlama

Türkiyənin Antalya şəhərində 1929-cu ildən bəri ilk dəfə may ayında havanın temperaturu 38,8 dərəcəyə çatıb. Daha sonra isə temperatur 42.7 dərəcəyə qədər yüksəlib. Bu isə may ayında havanın temperaturunda qeydə alınmış yeni rekord olub.

Maraqlıdır, Azərbaycanda ən isti may ayı nə vaxt müşahidə olunub və bu hal ölkəmizdə təkrarlana bilərmi?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanda may ayında dəhşətli istilərin müşahidə olunması gözlənilmir.

“Son dövrlərdə dünyanın müxtəlif ölkələrində silahlardan istifadə edilməsi havaların qeyri-sabit keçməsində böyük rol oynayır. Hazırda mayın ortalarıdır, lakin hələ də bəzi rayonlarda dolu, dağlara da qar yağır. Türkiyədə isə anomal istilər müşahidə olunur. Lakin düşünmürəm ki, Türkiyədə qeydə alınan bu rekord istilər ölkəmizdə də müşahidə edilsin. Belə bir halın yaşanacağı gözlənilmir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə bildirib ki, sonuncu dəfə paytaxtda mayın ən yüksək temperaturu 2007-ci ildə müşahidə olunub:

“2007-ci ilin mayında Bakıda havanın maksimal temperaturu 35.5 dərəcə olub. Bu gün paytaxtda müşahidə edilən hava temperaturu isə yaxın 2-3 gün ərzində tədricən yüksələcək”.

Share: