Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Tey Parkı-Heydər Əliyev Xiyabanı”nda ulu öndər Heydər Əliyevin büstü önünə əklillər qoyublar. Mərasimdə səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib, Azərbaycanın yeni tarixinin bütöv hissəsinin xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq, ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi və yenilməz iradəsi sayəsində ölkə fəlakətdən qurtarıb.
Diplomat qeyd edib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız unutmur və unutmayacaq. Heydər Əliyevin müasir müstəqil Azərbaycana rəhbərliyi dövründə daxili və xarici siyasəti ilə ölkənin nüfuzu artıb, inkişafa nail olunub, müstəqilliyimiz əbədi və dönməz edilib. H.Nəcəfov bildirib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub, xarici siyasət sahəsində müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin xatirəsinə ehsan süfrəsi açılıb.