Karantin rejiminin uzadılması qərarından sonra yenidən Bakıdan rayonlara axın başlayıb.
Ötən gündən başlayaraq minlərlə sürücü paytaxtı tərk etməyə çalışıb. Nəticədə Bakıdan çıxış istiqamətlərində uzunluğu bir neçə kilometrə çatan tıxaclar yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, karantin postlarında ümumilikdə 3158 avtomobil geri qaytarılıb. Paytaxtdan kənara, habelə Bakıya buraxılmayan sürücülər və sərnişinlərin müvafiq icazələri olmayıb.
Operativ Qərargahın təlimatında bildirilir ki, vətəndaşların sərtləşdirilmiş karantin rejimi olan şəhərləri və rayonları tərk etməməsi virusun daha geniş yayılmasını əngəlləmək üçün vacibdir. TƏBİB-in açıqlağıdı məlumata görə, virusdan aktiv müalicə alan xəstələrin təxminən 80%-i Abşeron yarımadasındadır.
Amma ekspertlər bu qərarın koronovirusun əhatə dairəsinin məhdudlaşdırılmasında ciddi amil olmadığını bildirirlər. Əksinə, rayonlara, çimərliklərə qadağa qoyulmasının əhalinin sağlamlığına ciddi zərbə olduğunu, bu zərbənin fəsadlarının payız və qış aylarında kəskin şəkildə özünü göstərəcəyini vurğulayırlar.
İqtisadçı Rövşən Ağayev bildirir ki, ən azı 30 gün Bakıya (həmçinin Sumqayıt və Abşerona) qayıtmayacağına təminat verən, bunun üçün elektron icazə sistemində qeydiyyatdan keçərək Bakını tərk etdiyi günü qeydiyyata aldıran şəxslərə pulsuz test imkanı yaradılmalıdır. Sağlamlığı qaydasındadırsa, insanları rayonlara buraxmaq lazımdır.
“Virus daşıyıclarının 80%-i ölkə ərazisinin 5%-ni təşkil edən Abşeron yarımadasındadır. Ovuc içi boyda əraziyə 4 mln. nəfər sığışdımaq indiki zamanda fəlakətdir”, – R.Ağayev vurğulayıb.
O, Operativ Qərargahın son qərarından təəssüflənərək bildirir ki, insanların sağlamlığını hansısa bir yolla təsbit edib paytaxtı ən azı 30 və ya 60 günlük tərk etmək istəyənlərə yenə şərait yaradılmayacaq: “Virusu deyə bilmərəm, amma stress və sarsıntıdan, daima müalicə edilməli xəstəliklərin müalicəsiz qalmasından insanlarımız hansı zərbələri alacaq, onun səsi yəqin sonra çıxacaq”.
R.Ağayev qeyd edir ki, əgər Bakı ayının 20-dən açılmasa, demək bütün yayı burda, günəş görmədən evdə keçirməli olacağıq. Onun sözlərinə görə, may ayında qapanma əlavə 2-3 həftə də davam etsə idi, nəticə belə olmayacaqdı. “Bir də insanları kütləvi şəkildə bir yerə yığan banklar, həftəsonu yanlış sərt karantinə görə nəhəng sıxlıqlar yaradan ticarət obyektləri, insanları az qala bir-birinin çiynində daşıyan ictimai nəqliyyat olmasa idi”, – Rövşən Ağayev vurğulayıb.
Həkim Müşfiq Hüseynov isə bildirir ki, virus artıq küçədə yox, evlərdədir. Onun sözlərinə görə, Operativ Qərargahdakıların ağlına belə gəlməyəcək sayda adam evlərdə müalicə alır.
“Öskürən kimi gedirlər aptekə. Əhali “Semaşko”-dan evində qalmağı tərcih edir. Onsuz da zəifləmiş immunitet günəşsiz, dənizsiz, meyvəsiz və əsəbdən payızda çökəcək. Bunun qarşısını heç bir dərman, müalicə, sistem ala bilməz. Gerisini siz düşünün”, -həkim xəbərdarlıq edir.
İqtisadçı Samir Əliyev də bildirir ki, insanların yenidən evlərə təhkim edilməsi düzgün qərar olmadı. “İnsanlara sərbəst hərəkət imkanının yaradılması vacibdir. Bir də açıq hava maska taxılmasına məcbur edilməsi yolverilməzdir”, – deyə iqtisadçı qeyd edib.