Paşinyanın Tovuz təxribatını törətməsində əsas məqsəd… – Hüquqşünasla MÜSAHİBƏ

“Xarici İşlər Nazirliyində ölkəmizin maraqlarının ifadə olunması və suverenliyinin təmin olunması istiqamətində zəruri olan tədbirlərin görülməsi baxımından səriştəsizlik, bacarıqsızlıq var idi. Bir ölkənin ki, XİN rəhbəri 16 il çalışsın, ondan əvvəl diplomatik sistemdə işləsin, amma Azərbaycan dilini bilməsin… Bu, özü elə səriştəsizlikdir. Xarici İşlər nazirinin digər dilləri bilməsi vacibdir. Amma onun Azərbaycan dilini bilməsi, o ruhla nəfəs alması ondan da vacibdir”.

Bu fikirləri Publika.az-ın suallarını cavablandıran “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onunla müsahibəni təqdim edirik:

– Əliməmməd müəllim, Tovuz istiqamətində baş verən təxribatla bağlı nə düşünürsünüz? Düşmən nə üçün Tovuz istiqamətində hücuma əl atdı?

– Ermənilərin Tovuza hücumunun arxasında təkcə erməni hakimiyyəti dayanmırdı. Əlbəttə, burada erməni hakimiyyətinə sərf edən məqamlar var idi. Çünki onların daxili vəziyyəti çox gərgindir. Nəzərə alsaq ki, Ermənistanın sabiq prezidenti həbsdən çıxdı və ev dustaqlığına məhkum edildi, artıq heçmiş hakimiyyətdə olan erməni müxalifəti qruplaşıb. Bu, hazırkı hakimiyyət üçün böyük gərginlikdir. Koronavirus pandemiyası da burda təsirsiz ötüşmür. Ermənistanda sənaye çöküb və əsas istehsal sahələri üçüncü dövlətdən asılı vəziyyətdədir, o dövlətlərə məxsus olan şəxslərin əlindədir. Digər tərəfdən, başqa bir məsələ ondan ibarətdir ki, Azərbaycanın Tovuz-Qazax ərazisindən neft və qaz boru kəmərləri keçir. Ölkəmiz neft və qazını Avropaya nəql etmək üçün buradan keçən kəmərlərdən istifadə edir.

– Elə ermənilərin də əsas hədəfi neft və qaz kəmərləri idi…

– Bu, təkcə ermənilərin hədəfi deyil, eyni zamanda onların arxasında duranların da məqsədi idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox yaxşı bir fikir ifadə etdi ki, bu təxribat Ermənistanı aşan hücumdur. Bu, təkcə Ermənistan, erməni hakimiyyəti və onun ordusu tərəfindən həyata keçirilən bir hücum deyil, bunun arxasında çox böyük güclər durur. Əlbəttə ki, bu, erməni aqressiyasının davamıdır. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bunu xüsusi olaraq qeyd etdi. Ölkəmiz son illərdə beynəlxalq sahədə çox böyük uğurlar əldə edir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrlik etməsi, pandemiya dövründə Zirvə toplantısının keçirilməsi, Ümumdünya Səhiyyə Təşkilatını və digər nüfuzlu qurumları pandemiyaya qarşı mübarizəyə səfərbər etməsi buna təkan verdi. BMT-nin çox yaxın günlərdə Azərbaycanın çağırışı ilə iclası olacaq, Ermənistan istisna olmaqla 130-dan çox ölkə buna müsbət cavab verib. Bütün bunlar əlbəttə ki, ermənilərin təxribat törətməsinə səbəb oldu. Prezident çox açıq şəkildə qeyd etdi ki, artıq mənasız danışıqlar aparmaq barədə düşünmürük və uzun danışıqlar aparmaq məcburiyyətində də deyilik. Əgər danışıqların arxasında hansısa irəliləyiş yoxdursa, bütün bunlar mənasızdır. Ölkə başçısının bu istiqamətdə olan bəyanatları bir çox siyasi dairələri və beynəlxalq gücləri narahat edirdi. Prezident bildirdi ki, şərait yetişdiyi zaman torpaqlarımızı işğalçılardan azad etməliyik. Bu, əlbəttə ki, bir çox dairələr tərəfindən xoş qarşılanmadı.

– Bunu kompleks kimi qiymətləndirsək, burada hansı səbəblər toplusu var?

– Bunlar hamısı bir-birinə sıx, bağlı olan məsələlərdir. Ermənistan bu məsələyə üçüncü bir tərəfi – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etməyə çalışırdı. 2016-cı il Aprel döyüşləri zamanı da Ermənistanın o zamankı rəhbəri çox səy göstərdi ki, bu məsələyə KTMT-ni cəlb etsin. Amma o zaman onlara rədd cavabı verildi. Paşinyanın da elə məqsədi o idi ki, bu qurumu üçüncü tərəf kimi Tovuzla sərhəddə olan hadisələrə cəlb etsin və rəqiblərinə göstərsin ki, mən sizdən daha bacarıqlıyam. Digər bir plan ondan ibarət idi ki, o çoxdandır Rusiya təsir dairəsindən təhlükəsiz formada çıxmaq istəyirdi və bununla da Qərbə meyilli olduğunu göstərməyə çalışırdı. Bu günlərdə Ermənistanın müdafiə naziri David Tonayan neft-qaz kəmərlərimizin təhlükədə olduğunu bəyan edərək bizi açıq şəkildə təhdid etdi. Bunların təcavüzkar niyyətləri ortadadır. Bu baxımdan onlar artıqlaması ilə cavablarını aldılar. Şəhidlərimiz var, müharibə itkisiz olmaz. Amma eyni zamanda ordumuz öz gücünü göstərdi və şəhidlərimizin qisasını aldı. Bu, ermənilərin arxasında dayanan qüvvələr üçün də bir dərs oldu.

– Əliməmməd müəllim, biz bu prosesin gedişində hansı nəticələri əldə etdik?

– Əsasən xalqın böyük gücünü və iradəsini gördük. Vətəndaşlarımız ordumuzun yanında olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda biz həm də zəif nöqtələrimizi müəyyənləşdirdik. Xarici siyasətdə olan problemlər aşkarlandı. Xarici işlər nazirinin dəyişməsi bu səbəblərdən biri idi. Bu zaman biz Ermənistanı silahla təmin etmək üçün bəzi dövlətlərin hərəkətə keçdiyini də gördük. Bir neçə dövlət bunu açıq-aşkar həyata keçirdi. Ölkəmizin hər zaman dəstək göstərdiyi qonşu Gürcüstanın rəsmi strukturları öz ərazilərindən keçməklə Ermənistan ordusunu silahla təmin etməyə şərait yaratmışdı. Serbiyanın bu prosesdə iştirakı ilə bağlı ölkəmizin müvafiq qurumları artıq etirazlarını bildiriblər.

– Türkiyənin göstərdiyi həmrəyliyi necə qiymətləndirirsiniz?

– Türkiyə bu dövrdə Azərbaycana dəstəyini birmənalı şəkildə nümayiş etdirdi. Biz qardaş dövlətlərik.

– Beynəlxalq hüquq bizə imkan verirmi ki, antiterror əməliyyatı həyata keçirək və torpaqlarımızı işğaldan azad edək?

– Beynəlxalq hüquq hər zaman imkan verir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. BMT Nizamnaməsinin 51-ci maddəsində təcavüzdən özümüzü müdafiə etmək hüququmuz yer alır. Bu maddəyə əsasən, təcavüzkara qarşı bütün mümkün vasitələrdən istifadə etmək hüququmuz var. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələr də onu təsdiqləyir ki, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimiz işğal olunub. Avropa Şurası və Avropa Məhkəməsinin də bununla bağlı qərarları var. Burada açıq şəkildə göstərilir ki, Azərbaycan torpaqları erməni silahlılarının işğalı altındadır. Yəni, kifayət qədər beynəlxalq hüququn prinsip və normaları imkan verir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin. Amma biz hər zaman sülhü dəstəkləmişik. Artıq bu yolda xeyli şəhidlərimiz var. Bizə başqa seçim qoymadıqda, əl atacağımız yeganə yol müharibə olar.

– Eyni zamanda burada beynəlxalq güclərin də mövqeləri nəzərə alınmalıdır…

– Əlbəttə. Çünki biz bilirik ki, Ermənistan öz gücünə arxalanan dövlət deyil. Əgər belə olsaydı, ordumuz çoxdan torpaqlarımızı işğaldan azad edərək lazım olan yerə də bayrağımızı sancmışdı. Bununla bağlı bir problem yoxdur. Sadəcə burada fərqli şərtlər var. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də bu barədə öz fikirlərini çox aydın və qəti şəkildə söylədi ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti heç vaxt yaradılmayacaq, biz buna imkan verməyəcəyik. Ölkəmiz öz torpaqlarını işğaldan azad edəcək. Əgər Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşamaq isəyirlərsə, buyursunlar. Azərbaycanda hazırda çoxsaylı millətlər yaşayır. Biz Ermənistan kimi monoetnik dövlət deyilik. Ona görə də buyurub gəlsinlər. Amma fərqli qanunlarla, fərqli statusla bu mümkün deyil.

– ATƏT-in Minsk Qrupunun həmsədrlərindən son hadisələrə tutarlı reaksiya yoxdur…

– Onlar Ermənistanın sonuncu təxribatı ilə bağlı hansısa aydın mövqe tutmadılar. Azərbaycan dövləti tələb edir ki, faktaraşdırıcı komissiya gəlsin, ancaq bununla bağlı da reaksiya yoxdur. Şuşada qondarma “seçkilər”lə bağlı bayram edirlər, bununla bağlı da münasibət yoxdur. Həmsədrlər çox mənasız fəaliyyətlə məşğuldurlar. Ona görə də bu günlərdə Xarici İşlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən çox mühüm bəyanat səsləndirildi. Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupu tam tərkibdə bir araya gəlməli və məsələni müzakirəyə çıxarmalıdır. Yarandığı gündən onların bir dəfə də olsun tam tərkibdə iclasları olmayıb. Bu gün bütün məsələləri yalnız həmsədrlərin ixtiyarına vermək olmaz. Burada Fransanın mövqeyi çox aydındır və ermənipərəstlik nümayiş etdirirlər. Rusiya isə Ermənistanla təhlükəsizlik blokundadır. Burada hansı obyektivlikdən söhbət gedə bilər? Bundan əlavə, erməni lobbisi ABŞ-da çox ciddi təsirlər göstərməyə çalışır. Tovuz təxribatı ilə də bağlı ABŞ-da olan erməni təşkilatları Azərbaycana yardımlarla bağlı Konqresə müəyyən qanunlar qəbul etdirməyə çalışırdı. Ancaq onların bu niyyəti alınmadı. Əksinə, qanunda onların əleyhinə bəzi düzəlişlər edildi. Azərbaycan etibarlı partnyor kimi hər zaman öz sözünün üstündə dayanıb. Bu da beynəlxalq münasibətlərdə çox mühüm məsələdir. Bəzi hallarda bir çox güc mərkəzləri gücə söykənir, nəinki beynəlxalq hüququn norma və prinsiplərinə. Hər halda etibarlılıq hansısa şəxs üçün nə qədər əhəmiyyətlidirsə, dövlətlər üçün də bir o qədər əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman etibarlılığı ilə fərqlənib.

– Dövlət başçısı Elmar Məmmədyarovu tutduğu vəzifədən azad etdi. Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi, XİN-in tərkibində islahatlar gedir. Sizcə xarici siyasətdə yüksəliş əldə ediləcək?

– Prezident İlham Əliyev yeni Xarici İşlər naziri olaraq Ceyhun Bayramovu təyin edərkən çox aydın şəkildə əsas istiqamətləri və xaric siyasətin prioritetlərini müəyyənləşdirdi. Bu prioritetlər qonşu dövlətlərlə əlaqələrin daha yüksək şəkildə davam etdirilməsi, Avropa İttifaqı ilə, ABŞ-la, türkdilli dövlətlərlə, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı ilə və digər qurum, dövlətlərlə uğurlu münasibətlərin qorunub saxlanılması, daha da möhkəmləndirilməsidir. Eyni zamanda xarici ölkələrdəki səfirliklərimizin və onların nümayəndələrinin daha aktiv fəaliyyət göstərməsi əsas götürüldü. Prezident qeyd etdi ki, ola bilsin ki, Xarici İşlər Nazirliyinin strukturunda çalışanlardan bir neçəsi xaricə məlumat ötürə bilər. Onların aşkarlanması və yeni qaydaların qoyulması tapşırıldı.

Ölkəmizin maraqlarının ifadə olunması və suverenliyinin təmin olunması istiqamətində zəruri olan tədbirlərin görülməsi baxımından səriştəsizlik, bacarıqsızlıq var idi. Bir ölkənin ki, XİN rəhbəri 16 il çalışsın, ondan əvvəl diplomatik sistemdə işləsin, amma Azərbaycan dilini bilməsin, bu özü elə səriştəsizlikdir. Xarici İşlər nazirinin digər dilləri bilməsi vacibdir. Amma onun Azərbaycan dilini bilməsi, o ruhla nəfəs alması ondan da vacibdir. Bu baxımdan hesab edirəm ki, Ceyhun Bayramov XİN rəhbərinin real funksiyası olan xarici siyasətin həyata keçirilməsində iştirak etməyi təmin edəcək. Bütövlükdə xarici siyasətin prioritetlərinin realizəsi istiqamətində addımlar atılacaq.

– Hər halda yaxın zamanda bu istiqamətdə müsbət dəyişiklik görəcəyik…

– Artıq görməyə başlamışıq. Ceyhun Bayramov təyin olunduğu gündən aktiv fəaliyyətə keçib. Xüsusən də xarici siyasətin həyata keçirilməsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Çünki bunu həyata keçirən qurum XİN-dir. Ümid edirəm ki, Qarabağ məsələsində Xarici İşlər Nazirliyi uğurlu addımlar atacaq.

Akqabay Mıradov

Share: