Daha 350 nəfərə yaxın vətəndaşımız Gürcüstandan ölkəmizə təxliyə edilib

Azərbaycanın Gürcüstandakı səfirliyi sentyabrın 14-də daha 350 nəfərə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsini həyata keçirib.

Xezerxeber.az xəbər verir ki, onların 100-ə yaxını Azərbaycan vətəndaşı, qalanları isə Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşları olan soydaşlarımız və ölkəmizdə müvəqqəti yaşamaq hüququ olan şəxslərdir.

Təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər.

Test cavabı neqativ çıxan şəxslər səfirlikdən COVID-19 arayışı alıblar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.

Təxliyə olunan şəxslər səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.

Share: