Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.
Milletinsesi.az xəbər verir ki, Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.
Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar.
Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.