Laçın rayonunun Abdallar, Cicimli, Zeyvə, Güləbird, Əhmədli, Hoçaz, Məlikpəyə, Qarakeşiş kəndlərində müqəddəs ziyarətgahlar, türbələr, məscidlərin bir qismi ermənilər tərəfindən yararsız vəziyyətə salınıb, qalan hissəsi isə donuz tövləsinə çevrilib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.
Onun sözlərinə görə, Laçında Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib.
VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisinin Azərbaycan Alban dövlətinin tərkibində olduğunu xatırladan R.Əlizadə Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələrin nəzərə çatdırıb.
O əlavə edib ki, alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni qriqoryan kilsələrinə çevrilib:
“Ağoğlan çayı sahilində V-VI əsrlərdə inşa edilmiş Ağoğlan monastır kompleksi qədim türk boylarına aid dini ibadətgah üzərindədir. Bu abidə “Qaranquş qalası” adı ilə də tanınır. Ağoğlan məbədinə gedən yolun üzərində at heykəlləri aşkar edilib. Hazırda bu dini məbəd erməni qriqoryan kilsəsinə çevrilib, ətrafındakı bir sıra tikililər isə erməni-qriqoryan memarlığına uyğun olmadığından qəsdən dağıdılıb. Laçının ən qədim abidələri içərisində Abdallar, Cicimli, Güləbird, Ziyrik, Hoçaz kəndlərində Tunc və Dəmir dövrlərinə aid mağara məbədləri, kurqanları, həmçinin Aşağı Fərəcan kəndində məbədi və körpünü qeyd etmək olar”.
Tarixçi qeyd edib ki, Laçının ən məşhur abidələrindən biri də Cicimli kəndi ərazisindəki XIV əsrə aid Məlik Əjdər türbəsidir. Bu abidələrin əksəriyyəti erməni daşnakları tərəfindən məhv edilib. Güləbird kəndində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sarı Aşığın qəbirüstü abidəsi və heykəli ermənilər tərəfindən dağıdılıb.