Azərbaycanı Ermənistan ərazilərinə cavab zərbəsi endirməyə məcbur etməklə Ermənistan həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatını regionda hərbi əməliyyatlara cəlb etməyə çalışır, diqqəti işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan digər istiqamətlərə yönəltmək kimi məkrli və işğalçı bir məqsəd güdür.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Avropa İttifaqının “MODERNDİPLOMACY.EU” saytında yayımladığı məqaləsində yazıb.
“Ermənistan: yalanlar və gerçəklər” adlanan məqalədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, qəbul edilmiş BMT qətnamələri və ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında məlumat verilir. Ermənistanın sülh danışıqlarında pozucu fəaliyyəti, 2020-ci ilin iyul ayında Ermənistanın münaqişə zonasından xeyli uzaqda yerləşən Tovuz rayonu istiqamətində hücumlardan bəhs edən müəllif qeyd edir ki, Ermənistan bununla Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli yer tutan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi dəmiryolu xəttinin fəaliyyətini iflic etmək, TANAP və TAP layihələrinin icrasında problemlər yaratmaq, beləliklə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola zərbə vurmaq məqsədi güdüb.
Məqalədə Ermənistanın yalanları təkzibedilməz fakt və materiallarla ifşa edilir. Vurğulanır ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək uğrunda apardığı müharibəni dünya ictimaiyyətinə dini müharibə kimi təqdim etməklə Ermənistan rəhbərliyi Avropa ictimaiyyətini aldadır. Müəllif konkret faktlarla göstərir ki, Azərbaycanda bütün dinlərin nümayəndələri, məscidlər, kilsələr və sneqoqlar yanaşı fəaliyyət göstərirlər. Azərbaycan ordusunun cərgələrində ruslar, ukraynlar, gürcülər və yəhudilər azərbaycanlılarla çiyin-çiyinə Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrunda döyüşürlər. Kilsələrdə və sneqoqlarda Azərbaycan ordusunun qələbəsi üçün dualar edilir. Roma Papası Fransisin Bakıya səfəri zamanı Azərbaycanda tolerant dəyərlərlə bağlı səsləndirdiyi fikirləri xatırladan müəllif qeyd edir ki, bunun sübutu Azərbaycan Respublikasında 30 min erməninin dinc şəraitdə yaşaması, Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanılmasıdır.