Tuskun Bakıya bu münasibəti önəmli faktdır

Prezident İlham Əliyev hər zaman istənilən tribunadan bizim ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsiylə bağlı həqiqətlərin çatdırılması üçün istifadə edir.

Bu sözləri Milletinsesi.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib. O bildirib ki, İlham Əliyevin bu səfəri kifayət qədər uğurlu olub:

“Brüssel səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa Birliyi rəhbərliyi ilə keçirdiyi görüşlər və müzakirə olunan məsələlər, həmçinin İlham Əliyevə orada göstərilən xüsusi diqqət və ehtiram Brüssel səfərinin nə dərəcədə uğurlu olmasını göstərən amillərdir. Hesab edirəm ki, ən vacib məqam Avropa Birliyi Şurasının sədri Donald Tuskun Azərbaycan dövlətini çox etibarlı və məsuliyyətli dövlət kimi qiymətləndirməsi və Azərbaycanın regiondakı roluna çox yüksək dəyər verməsi barədə fikirlərdir. Bu ifadələrin çox böyük mənası var. Sözün həqiqi mənasında Azərbaycan dövləti, dövlətimizin başçısı müstəqil, milli maraqlara söykənən siyasət nəticəsində belə bir nüfuza malik olub. Bu cür siyasət nəticəsində Avropa Birliyi ilə strateji tərəfdaşlıq münasibətləri formalaşıb. İlham Əliyev ənənəsinə sadiq qalaraq, bu görüşdə də Qarabağ problemini gündəmə gətirdi. Prezident Donald Tuskun təşkil etdiyi rəsmi ziyafətdə Azərbaycan torpaqlarının 20 faizinin hələ də işğal altında olmasını, 1 milyondan artıq məcburi köçkün və qaçqınların olmasını vurğuladı. Həmçinin İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasını və bunun da regionda sülh prosesinə təhdidlər yaratması barədə də danışdı”.

Share: