Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş qərargahından Azərbaycana göndərilən 1 milyon maska bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.
Milletinsesi.az xəbər verir ki, ÜST Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinə də tibbi maskalar təqdim olunacaq. “Bunlar ÜST-dən gələn təmənnasız hədiyyələr olaraq qəbul olunmalıdır,” – deyə beynəlxalq təşkilatın nümayəndəsi bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva deyib ki, pandemiya dövründə fərdi qoruyucu vasitələrin fasiləsiz təminatı olduqca vacibdir:
“Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi maskaları təmənnasız təqdim etməsini yüksək qiymətləndiririk. Gələcək fəaliyyətlərində onlara uğurlar arzulayırıq”.
O qeyd edib ki, maskalar əsasən ölkəmizin tibb müəssisələrinə veriləcək: “Tibb işçilərinin pandemiya dövründə qorunmaları vacibdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da tibb işçilərimizin infeksiyaya yoluxmamasına böyük önəm verilir. Belə tədbirlərin olması çox sevindirici haldır və dəstəkləyicidir. Bizim tibb müəssisələrimiz bu təqdim olunan maskalarla təmin olunacaqlar”.
Firəngiz Əliyevanın sözlərinə görə, hazırda ən çox müzakirə olunan məsələlərdən biri də vaksinlərdi: “Verilən suallardan biri də odur ki, hər birimizin ümid etdiyimiz peyvənd olunduqdan sonra maskaya ehtiyac olub-olmamasıdır. Amma əfsuslar olsun ki, bütün təşkilatların peyvənd almağa namizəd ölkələrə bildirdikləri kimi də hələ bir müddət maskalardan istifadə etmək məcburiyyətində qalacağıq. Bir müddət yenə də infeksiyaya yoluxmamaq üçün özümüzü qorumalıyıq. Bizim qızıl qaydalar dediyimiz: hər kəsin qoruyucu maskalardan düzgün istifadə etməsi, əl gigiyenasını və sosial məsafəni gözləmək lazımdır. Bu qaydaları unutmaq olmaz”.