Düz 2 il bundan əvvəl pandemiya səbəbindən sərnişindaşıma fəaliyyəti dayanan Bakı-Gəncə qatarı sabahdan isə düşür. Ancaq sərnişinlər gəncəyə iki il əvvəlki qiymətə gedə bilməyəcək. Artıq Gəncəyə getmək üçün biletin qiyməti 10 manat deyil, 20 manat olub.
Sabahdan fəaliyyəti bərpa olunan Bakı-Gəncə sərnişin qatarında gedişhaqları 100 faiz artırılıb. Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan, 20 manata, biznes yerlər üçün isə 25 manatdan, 33 manat qaldırılıb.
Qurumun sözçüsü Natavan Bayramova bildirdi ki, sərnişinlər bileti onlayn qaydada ala bilərlər. Üstəlik sərnişindaşıma pandemiya qaydalarına uyğun həyata keçiriləcək.
Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. Bildirildi ki, Bakı-Gəncə qatarının marşurutunun gələcəkdə Ağstafaya qədər uzadılması nəzərdə tutulur. O da qeyd olundu ki, Ucar-Bakı dəmiryolu xəttində aparılan təmir işləri ilə əlaqədər olaraq gələcəkdə Bakı-Gəncə qatarının fəaliyyətində fasilələrin yaranması mümkündür. Qeyd edək ki, Bakıdan gəncəyə Qatar saat 08:00-da çıxacaq və 11:45-də çatacaq. Eyni qatar saat 18:00-da gəncədən çıxacaq və 21: 35-də Bakıda olacaq.
Xəzər Xəbər