Rusiyanın Ukraynaya qarşı müharibəsindən bir ay ötür.
Millətin Səsi.az xəbər verir ki, müharibənin təsirləri bütün dünyaya təsir etdiyi kimi Türkiyədə də əmlak və kirayə qiymətlərinin kəskin bahalaşmasına səbəb olub.
Rusiya və Ukrayna vətəndaşlarının ölkələrini tərk edərək əsasən kurort şəhəri olan Antalyaya gəlməsi burda əmlak bazarında “dalğalanmalara” səbəb olub. Xüsusilə Antalyada kirayə qiymətləri 3-4 dəfə artıb. 3 min TL-lik mənzillər 12 min TL-yə kirayə verilməyə başlandı.
Vətəndaşlar evlərini həftəlik kirayə üçün 500 Avroya təklif edirlər. Bu astronomik qiymətdir.
Xaricilərin Antalyaya marağının yeni olmadığını qeyd edən Antalya Ticarət və Sənaye Palatasının (ATSO) sədri Davut Çətin “Hürriyet”ə bu açıqlamaları verib:
“Artıq 2021-ci ildən bu yana sürətli bir artım var. Antalyada 30 minə yaxın Rusiya Federasiyası və 8 minə yaxın Ukrayna vətəndaşı yaşayır. Fevralda ötən illə müqayisədə ruslara ev satışı 96 faiz, ukraynalılara isə 85 faiz artıb. Türkiyədə satışların 4 faizi xarici satışlar olduğu halda, Antalyada bu nisbət yüzdə 23-dür”.
Rusiya-Ukrayna müharibəsi ilə daşınmaz əmlak sektorunda bütün tarazlığın pozulduğunu qeyd edən Antalya Əmlakçılar Palatasının sədri İsmail Çağlar, “Ev sahibləri 2-3 minə kirayə verilə bilən mənzil üçün 10 min TL kirayə istəyirlər. Qurumların bu məsələ ilə bağlı yoxlamaya başlaması zəruridir”,- bildirib.