Hazırda maraqlı proseslər gedir. Çox ziddiyyətli məqamlar açıqlanır. Ermənistanda iddialar var ki, Gümrü bazasında rus əsgəri qalmayıb, hamısı Ukraynaya gedib. Ukraynanın yaydığı məlumata görə isə orada öldürülən rus muzdlu əsgərlərinin üstündən erməni pasportu çıxıb. Bilirik ki, Qarabağda olan rus əsgərlərindən də xeylisini Ukraynaya aparıblar.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib.
T.Qasımlı qeyd edib ki, 2021-ci ilin avqust ayında Müdafiə Nazirliyimiz yaydığı bəyanatda Qarabağda olan qeyri-qanuni silahlı birləşmələrin çıxmadığını bildirmişdi. Lakin MN-nin budəfəki bəyanatı həqiqətən çox sərt oldu:
“Hər zaman bu fikrimdə qalacağam: Qarabağda yarımçıq qalan məsələlərimizi xorvatlar kimi irəli gedib, ikinci bir antiterror əməliyyatı ilə bitirməliyik. İl yarım keçib, Rusiya MN-nin nümayəndə heyəti indi Bakıya gəlib, qeyri-qanuni silahlı birləşmələrin çıxarılması üçün danışıqlar aparır. Bu gülməlidir. Ona görə də həmin qanunsuz silahlı birləşmələrə cavabı özümüz verməliyik”.