“Futbolumuzun heç bir gələcəyi yoxdur” – Bəxtiyar Musayev

“AFFA-nın De Byazi ilə müqaviləni artırması özü bir səhv idi. O, əvvəlki seçmə mərhələdə də göstərmişdi ki, həm oyunçu seçimində, həm heyət qurmaqda xeyli səhvləri var. Bunu onunla bəh-bəhlə müqavilə uzadanda da demişdim”. 

Bu sözləri Qol.az-a açıqlamasında millimizin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

 

 

Millimizin son iki yoxlama matçında Malta və Latviyaya uduzmasından danışan tanınmış futbol skautu bunu yığmamızın italiyalı baş məşqçisi Canni De Byazinin bacarıqsızlığı ilə əlaqələndirib: “Çox təəssüflər olsun ki, belə bir zəif rəqiblərlə son iki matçda nə bir oyun gördük, nə də nəticə. Ancaq qanqaraldıcı oyun izlədik.

Guya De Byazi əvvəl futbolçularımızı tanımırdı deyə nəticə yox idi. Amma artıq xeyli vaxtdır buradadır. Gərək insanın bacarığı olsun ki, müəyyən vaxtdan sonra ortaya nəsə qoysun, komanda ilə nəyəsə nail olsun. Bu insan nə taktiki gedişi düzgün edir, nə heyəti seçə bilir. Əvvəlki seçmə mərhələlərdə elə bir bərbad iş ortaya qoymuşdu ki, onunla yenidən müqavilə bağlamaq və nəticə gözləmək sadəlövhlükdən, futbolu bilməməkdən başqa bir şey deyil. Son iki oyun mənim üçün təəccüblü gəlmədi. Çünki De Byazinin nəyə qadir olduğunu görmüşdüm.

Təsəvvür edin ki, dünənki oyunda biz azlıqda qalsaq da, topa sahib olma bizim tərəfimizdə idi. Mən belə zəif Latviya millisi görməmişəm. Onlar 2-3 düzgün ötürmə edə bilmirdilər. Dünənki Latviya millisində futbol adına heç nə görə bilmədim. Biz isə belə bir rəqibə qarşı bərbad oynadıq. Oyunda temp çox aşağı səviyyədə idi. Nə bir normal qol epizodu yaratdıq, nə hücum qura bildik. Doğrudan çox bərbad oynadıq”.

B.Musayev bu gedişlə millimizin, ümumiyyətlə futbolumuzun gələcəyini görmədiyini bildirib: “Mən millimizin gələcəyində heç nə görmürəm. Dünənki oyun da De Byazinin nəyə qadir olduğunu göstərdi. Acınacaqlı durum davam edir. Allah betərindən saxlasın. Futbolumuzun heç bir gələcəyi yoxdur. Azərbaycan futbolundakı durum çox bərbad vəziyyətdədir. Bir kəlmə belə deyə bilərəm. Heç bir işıq ucu görünmür. Bunu neçə vaxtdır deyirəm”.

Share: