Milli Məclisin deputatı Fazil Mustafanın meyxanaçı Rəşad Dağlının Xomeyninin ünvanına səsləndirdiyi sözlərə görə üzr istəməsinə münasibət bildirib:
“Azərbaycanda dinçilər böyük çoxluq təşkil edirlər. Ölkədə ağıllı, savadlı, dini zərərli həyat tərzi kimi yaşamayan 10 faiz insan var. Əsas olan onların rəyidir. Hansısa dinçidən üzr istəmək ərdəmli hərəkət deyil, əksinə, hansısa şəkildə kimisə təhqir etmirsənsə, burada problem yoxdur. Bizdə bu tez-tez baş verir.
Dinlə bağlı film çəkilir, dinçilər deyir ki, burada mənim dinimi təhqir edirsiniz. Sən kimsən axı? Dinin sahibisən, Allahsan, ya peyğəmbərsən?! Hamı özünü qoyub Allah yerinə, tələb edir ki, dinimi təhqir etmisən, üzr istə. Kimsiniz axı?! Ayrı-ayrı şəxslər haqda fikir söyləmək artıq Azərbaycanda konkret təhlükəyə çevrilib. İstənilən adam tənqid edilə bilər, istənilən adamın meyxanada adı səslənə bilər. Burada nə var ki?! Meyxanada kimisə təhqir edəcək, incidəcək bir söz deyilmir. Onlar adları müqəddəsləşdiriblər, deyirlər ki, filan adı çəkmək olmaz. Niyə?! Siz kimsiniz?! Bu qədər insanı qətlə yetirənləri eləmisiniz dinin öncülləri. Belə şey olar?!”
Görünür, meyxanaçının dünyagörüşü, düşüncəsi yetərli səviyyədə olmadığına görə çıxıb üzr istəyib. Niyə üzr istəmisən? Kimdən istəmisən? Allahın dininə görə kimdənsə üzr istəmək olmaz ki. Belə bir şey yoxdur.
Dinə xələl gətirən hansısa davranış sərgiləsən başa düşmək olar, bu zaman dindarları incitmiş olursan, amma dində adı səslənən 5-10 nəfərdən birinin adını qafiyədə çəkmisən deyə üzr istəməyə dəyməz. Azərbaycan dünyəvi dövlətdir, kimisə buna məcbur etmək sadəcə anormallıqdır. Ona görə də bu məsələdə meyxanaçının hərəkəti heç bir halda anlaşılan deyil. Niyə üzr istəməlisən? Allahı söyməmisən, peyğəmbəri təhqir etməmisən, Qurana həqarət sayılan söz söyləməmisən. Deməli, sən dini də bilmirsən. Dini bilmədiyinə görə elə bilirsən kiminsə haqqında söz söylədinsə, bu dinə aiddir. Elə şey olar?
Bizdə elə fikirləşirlər ki, seyid, Xomeyni, Sistani adı çəkdinsə, bu dinin simvoludur. Elə şey yoxdur. Şəxslər dinin simvolu ola bilməz. Dinin simvolu Qurani-Kərimdir. Hətta peyğəmbəri də tənqid ediblər, peyğəmbər özü o vaxt onu təhqir edənlərə qarşı bu kini bəsləməmişdi.
Necə olur ki, peyğəmbərin yolunu gedən müsəlman bu kini bəsləyir, kimisə bağışlamır? Belə primitiv, absurd məsələ ancaq Azərbaycanda ola bilər, çünki bu dini savadsızlıq, cəhalətdən yaranan bir şeydir. Ona görə, kiminsə tələbi üzrə çıxıb üzr istəmək lazım deyil.
Bir vaxtlar bizdə bəzi axmaqlar var idi, bir fikir söyləyən kimi çıxıb deyirdilər ki, “Xalqdan üzr istə!”. Adama deyərlər sən kimsən, xalqın nəyisən? İndi vəzifədə olan adam var ki, boşanıb, evindən 3 dəfə gedib, amma çıxıb tələb edir ki, çıx üzr istə. Özün evdən getdiyinə görə qayınatandan, ailəndən üzr istəmisən heç?!
Müəyyən məsələlərə fikir bildirəndə, tənqid edəndə bizdən tələb edirdilər ki, xalqdan üzr istə. Sən kimsən ki, xalqın adından nəsə tələb edirsən?!
Dindarlarda da məsələ təqribən belədir. Siz kimsiniz axı üzr tələb edəsiniz?! Hərə bir şeyxi, mollanı özünə rəhbər seçirsə, bunun mənə nə dəxli? Mən azərbaycanlıyam, dünyəvi dövlətdə yaşayıram. Meyxanadır, burada kiminsə haqqında söz demək olar. İranda da Xomeynini tənqid edirlər, nə olsun? Orada hamı çıxıb üzr istəyir? Kimliyindən asılı olmayaraq heç kəsi təhqir etmək olmaz, lakin tənqid edirsə, meyxanada kiminsə adını çəkirsə, nəyə görə üzr istəməlidir?”
/yenisabah.az/