Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq.
Millətin Səsi.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 15-də keçirilən müşavirədə bildirib. Onun sözlərinə görə, ölkədə kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var.
«Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi».
Bununla yanaşı, prezident insan faktorunun da vaxib olduğunu qeyd edib: «Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi».
Prezident bildirib ki, ölkədə kölgə iqtisadiyyatının həcmi hələ də böyükdür və şəffaflaşdırmaq üçün imkanlar var: «Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik»