İçində bir uşaqlıq olan şair Ağasəfa

Müasir sivilizasiyalı,  qaynar həyatlı şəhəri gözdən, könüldən uzaq bir dağ kəndində yoxsul komaya dəyişən, bununla da özünü dünyanın ən xoşbəxt, bəxtəvər insanı sayan bir şairimiz var-Ağasəfa.


Bəli, artıq 30  ildir  Xızı rayonunun Qarabulaq kəndində, öz doğulduğu kənddə məskən salan Ağasəfa rəngarəng dağların əzəmətindən, zəngin meşələrin, qaynar bulaqların, cağlayan dağ şəlalələrinin əsrarəngiz, füsunkar gözəlliyindən, təmiz dağ havasından ilhamlanaraq, gözəl sənət incilərinə imzanı məhz bu kənddə qoyur.


İllərdir kənddə həm müəllimliklə, həm də şairliklə məşğul olan Ağasəfa heç də şəhərin xiffətini çəkmir, əslində şəhərlə kəndə özünün prizmasından baxır:

 

                   Şəhər də bir vaxt kənd olub

                   Şəhər kəndin balasıdır.

                   Mayası kəndlə yöğrulub,

                   Çox da ki, şah qalasıdır.

                   Şəhər kəndin xilasıdır.

                   Şəhər kəndin bəlasıdır..

                   Şəhərdəkilər kəndlidir…

 

                   Kəndin ocağında od var,

                   Qızıl közü şəhərdədir.

                   Kənd ömür- gün aynasıdır,

                   Görüntüsü şəhərdədir.

                   Tanrı kəndə nə veribsə,

                   Dadı-duzu şəhərdədir.

                   Kəndin gözü hey yol çəkir,

                   Oğlu-qızı şəhərdədir.

                   Şəhərdəkilər kəndlidir.


…Xəyalım məni keçən əsrin 80 illərinə apardı. Mən ölməz şairimiz Mikayıl Müşfiqlə bağlı tədqiqat işinə başlamaq istəyirdim. O zaman Müsfiqşünas alim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu belə məsləhət verdi ki, yaxşı olar, mən Müşfiqin həmyerlisi, özü də onun kimi gənc yaşlarında repressiya qurbanı olmuş Əlirza Xızılının (Abbasov) ədəbi irsinin toplanılması ilə məşğul olum. Məsləhətə qulaq asaraq, aylarla M.F.Axundov adına Respublika Kitabxanasında şairin o zamanlar bütün dövri-mətbuatda dərc olunan əsərlərini topladım. Bu haqda G.Hüseynoğluya məlumat verdim. O, bunu təqdir etdi və hökmən, Əlirza Xızılının qohumu  olan şair Ağasəfa ilə görüşməyi tövsiyə etdi. Mən Ağasəfa müəllimlə zəngləşdim.Görüş gününü təyin etdik. Onun Bakı şəhərində, 4-cü mikrorayondakı sadə mənzilində göruşdük. Xeyli söhbət etdik, mənə maraqlı faktlar söylədi. Görüş zamanı Ağasəfa müəllim məndə hədsiz xoş təsir bağışladı. Son dərəcə sadə, səmimi, təvazökar, istiqanlı bir insan kimi qəlbimə yatdı. Bu, onunla Bakıda ilk və son görüşüm oldu…


Ağasəfa müəllimin yaradıcılığı ilə daim maraqlanmağa başladım. Demək olar ki, ölməz dahi sənətkarımız Cəfər Cabbarlı və böyük şairimiz Mikayıl Müşfiqə həsr olunmuş bütün tədbirlərdə, eləcə də müxtəlif məclislərdə Ağasəfa müəllimlə görüşürdük. Hərdən Bakıda da tədbirlərdə rastlaşırdıq. Son belə bir tədbir “Azərbaycan Dövlət Film Fondunun” akt zalında tanınmış rejissor Əmirhüseyn Məcidovun 80 illik yubiley tədbiri olmuşdu.


Ağasəfa müəllim öz doğulduğu, hazırda ömrünün ahıl çağlarını yaşadığı Xızı rayonu  ilə daim fəxr edir. Fəxr edir ki, bu kiçik rayon nəinki Azərbaycana, eləcə də bəşəriyyətə görkəmli şəxsiyyətlər, ədiblər bəxş edib. Onların arasında şair, dramaturq, pedaqoq Əbdülqadir Visaqi İsmayılzadə, dramaturq Cəfər Cabbarlı, şairlər Mikayıl Müşfiq, Cabir Novruz, yazıçı- dramaturq Seyfəddin Dağlı və onlarca digər sənət adamları, elm və mədəniyyət xadimləri vardır.


C.Cabbarlı şəxsiyyətinə sevgini, ürək sözlərini o, şerlərində belə ifadə edir:

 

Bəşərə bağlıydı idrakı, ağlı,

O sənət zirvəsi, sənət dağıdır.

Bir Dağlı balası, kömürçü oğlu,

Böyük Şekspirə meydan oxudu.


Heç bir zaman qocalmayan, qəlblərdə şəfqət toxumunu səpən, romantik şairimiz Mikayıl Müşfiqə məhəbbətini özünün poeziya məbədindən işıq saçan misralarıyla “Qanlı imza” lirik poemasında belə təsvir edir:

 

Dözməz bu ağrıya adam balası

Gülləsi soyumur qansızın hələ.

Müşfiq ölməyib ki, atam balası

Müşfiqin köksündən qan sızır hələ.


Deyirlər insan uzaq yol qət edib yorulanda həmişə dönüb geriyə baxır. Ömrünün 80-ci baharını yorulmadan, gənclik həvəsi ilə yaşayan Ağasəfa müəllim geriyə baxanda yaşadığı illərin məhsuldar olduğu qənaətinə gəlir. O öz varlığını, yoxluğunu poetik, həzin misralarla oxucusuna belə çatdırır:

 

Min üzü var, həyat belə həyatdır,

Yoxuşları gah dəvədir, gah atdır.

Yorulanda, darılanda əl atdım

Yəhərinə, hürgücünə dünyanın.

Qoy desinlər zəmanədən geriyəm,

Çəkilmişəm bir küncünə dünyanın.

Gələnlərdən, gedənlərdən biriyəm,

Varam?

Yoxam?

Nə vecinə dünyanın ?


Mübaliğəsiz demək olar ki, Ağasəfanın bir şair, sənətkar kimi bədii yaradıcıllığına xas olan müasirlik, bənzərsizlik əsərlərində başlıca məziyyəti ilə təzahür edir. Şerlərində Xızı dağlarının əzəmətini, qaynar, saf, səffaq bulaqlarını, təmiz dağ havasını, eləcə də dağ kimi vüqarlı, qaya kimi möhkəm, ən ağır qəm-qüssədən, kədərdən əyilməyən, bəzən nisgilli bir baxışdan ağlayan kövrək qəlbli zəhmətkeş bir şairin hiss və həyəcanını, duyğularını, ürək çırpıntılarını görmək olur:

 

İşığın eşqi var dəli başımda,

Qəlbimi Günəşdə yoğuracağam.

Lap son nəfəsimdə….

Zirvə qaşında

Bir papaq qar kimi ağaracağam.


Şerlərində təsvir etdiyi hadisələr, həyat eşqi, bəzən də giley-güzarlar bugünkü dünyamızın, qloballaşan dünyamızın bir sıra aktual problemləri haqqında şairin poetik düşüncələridir.




Ağasəfa müəllim daim məzmun və mündəricənin dərinliyinə, dolğunluğuna, fəlsəfiliyinə, məna çalarlarına xüsusi diqqət yetirən şairlərdəndir. O, böyük ustalıqla həyat, insan, vətən və vətəndaşlıq, bəşərilik, gözəllik, eşq, sevgi və s. məfhumların mənasını bütün çalarları ilə, dolğun şəkildə oxucuya çatdırmağı bacaran sənətkardır.


Ağasəfanın yaradıcılığında maraq kəsb edən bayatılara da rast gəlinir. Şifahi xalq ədəbiyyatına, folklora dərin tellərlə bağlı olan şair yadda qalan bayatılara da imza atıb:

 

Ay Ağa, qarışıqdır,

Yerlə Göy qarışıqdır.

Şəhidlər yatan yerdə

Qar nurdur, qar işıqdır.

Ay Ağa, Qara düşməz,

Ağ günü qara düşməz.

Dağlarla canbir olan

Ər oğul qara düşməz.

Ay oğul, qaraltına,

Möhtacam qaraltına.

Yanındayam, qəlbimi

Gömmüşəm qar altına.


Ağasəfanın şeirlərində keçici, ötəri hiss və duyğular deyil, sözün əsl mənasında enişli- yoxuşlu, fırtınalı, qaynar həyatın ağrı-acısını, sirinini dadmış, onun sınaqlarında polad kimi bərkimiş, bütün çətinliklərə, dəyanətlə mətanətlə sinə gərmiş, hərtərəfli cəhətdən kamilləşmiş, püxtələşmiş bir şairin ürək döyüntülərini eşitmək mümkündür:

 

Dərələr keçmişəm, dağlar aşmışam,

Küləklər o ki, var dəyib sinəmə.

Dağlara şirincə layla qoşmuşam,

Dağlar da başını əyib sinəmə.

Almışam döşümə ildırımları,

İndi bilmişəm ki, canım poladdır.

Hələ yol gedirəm Günəşə sari,

Mənə torpaq arxa, səma qanaddır.


Aqillər gözəl deyib: ”İllər bəlkə də insan ömründən səssiz ötən xatirə köçü kimidir; qəlbinin qapısını nə vaxt tıqqıldadır, gözlərini məchul bir nöqtəyə nə zaman zilləyir, ruhunun səninlə necə qabaq-qənşər qoyur, xəbərin olmur, bir də görürsən ki, saçlarına “qar” yağıb, çöhrənə şeh düşüb..”

         

Bəli, nə az, nə çox 80 yaşa qədəm qoyur Ağasəfa müəllim. Şübhəsiz, bu sevilən şairin 80 illik ömrü müdrikliyin, kamilliyin, dərinliyin yalnız və yalnız başlanğıcıdır. Bu illər ərzində ərsəyə gətirdiyi əsərlər, kitablar isə əbədiyaşarlıq qazanmış ölməz sənət incilərinə aparan yollardakı cığırlardır, desək yanılmarıq.

         

80 illik ömründə heç bir zaman fəxri ad, dövlət mükafatları ummayan şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvi  olan Ağasəfa Yəhyayev bu gün sakitliyə çəkilib dağlar qoynunda yaşayıb yaradır. Mən onu həm də o dağlarda qərar tutaraq, Cəfərlə Müşfiqin ev müzeyinə keşik çəkən sənət fədaisinə bənzədirəm. O, özünü bütünlükdə bu dağlara həsr edib. Həm də öz vəsiyyətini elə bu dağlara kökləyib:

 

                                       Üzü dağlaradır hər gün maşın da …

                                       Bir ümid qaynayar, çağlar başımda,

                                       Harda öləcəyəm, mən bu yaşımda?

                                                 Harda öləcəyəm?

                                                          Dağlar başında.


Dağlar başında bir mayaka bənzəyən qüdrətli söz ustadı Ağasəfanın bu ahıl yaşında da içində sanki bir uşaqlıq hökm sürür. O, sanki yenidən həyata başlayır:

 

Novruzda sıçrayıb çıxdın tələdən,

Utana-utana qaldı dörd divar.

Baxdım ki, uşaqlar tonqal qalayıb,

                                      Atıldım üstündən…

                         Gördüm hələ də

                               İçimdə bir uşaq Ağasəfa var…


Ağasəfa müəllim inanıram ki, bu anda könlünüzdən Xalq şairi Süleyman Rüstəmin bu ölməz misraları keçir:

 

“Nə qələm qocalıb, nə də ki, qəlbim,

Yazıb-yaratmaqdan yorulmamışam”.

Sizi bu şanlı Yubileyiniz münasibətilə təbrik edir, Sizə yeni-yeni sənət uğurları arzu edirəm.


İnanıram ki, Sizin bu yaradıcı əməyiniz dövlət tərəfindən layiqincə qiymətləndiriləcək və 80 illik Yubileyiniz böyük təntənə ilə qeyd olunacaqdır.


Qafar Əsgərzadə,

Əməkdar jurnalist,

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

         

Mənbə

Share: