Liz Trassın liderliyinin dayanıqlığını göstərəcək dörd çağırış

Liz Trassın liderliyinin dayanıqlığını göstərəcək dörd çağırış

“Əgər o, partiyasının dəstəyini qoruyub saxlamaq istəyirsə, öz sələfinə hörmətlə yanaşmaqda davam etməlidir…”

 

“Məsələ Liz Trassın Marqaret Tetçer kimi partiyasını birləşdirib öz rəqiblərinə iradəsini göstərməyi bacara biləcəyindədir…”

 

“İqtisadiyyatda cəsarətli addım atılmasa, ölkədə fövqəladə böhran vəziyyəti yarana bilər…”

 

“Putinin ən barışmaz əleyhdar kimi Liz Trass Ukraynaya güclü dəstəyini davam edəcək, lakin energetika böhranı və inflyasiya ilə üz-üzə qalacaq…”

 

Boris Consonun hökumətində xarici işlər naziri olan Liz Trass Böyük Britaniyanın növbəti baş naziri olacaq. Hakim Mühafizəkarlar Partiyasında liderlik uğrunda səsvermə zamanı o, bütün ölkə boyu partiyanın sıravi üzvlərinin 81 326 səsini, onun rəqibi Rişi Sunak isə 60 399 səsini toplayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşrində dərc edilən analitik yazıda deyilir.

 

Lakin bu, Liz Trassa arxayınlaşmağa əsas vermir. Dövlət başçısı, Mühafizəkarlar Partiyasının lideri və siyasətçi kimi sağ qalması üçün o, bir sıra çağırışlarla üz-üzə qalmalı olacaq.

 

Conson irsi

 

Böyük Britaniyanın ictimai rəyində ən dərin parçalanmalardan biri vəzifəsini tərk edəcək baş nazirə olan münasibətdir. Liz Trass üçün bu irslə necə davranmaq sadə məsələ deyil.

 

Bu parçalanmanın əks tərəfində Mühafizəkarlar Partiyasının 160 min sıravi üzvü var. Bu yaxınlarda aparılan sorğu göstərib ki, onların əksəriyyəti hesab edir ki, partiya Consonu istefaya getməyə məcbur etməklə haqlı olmayıb, əgər indiki lider seçkilərində o, öz namizədliyini irəli sürmək imkanına malik olsaydı, o, həm Rişi Sunaka, həm də Liz Trassa qalib gələrdi.

 

Eyni zamanda, geniş ictimaiyyət Consona, əsasən, dözə bilmir. Daha bir sorğuya əsasən, yalnız 26 faiz onun baş nazir postunda  fəaliyyətini bəyənir. Ötən seçkilərdə mühafizəkarlara səs verən 14 milyon insanın təxminən 4 milyonu söyləyib ki, bu gün onlara səs verməzdilər, səbəb isə həm Consonun siyasəti, həm də onun cəmiyyəti qütbləşdirən şəxsiyyətidir.

 

Ona görə də Trassın seçim qarşısında qalacağı qaçılmazdır. Əgər o, partiyasının dəstəyini qoruyub saxlamağı istəyirsə, öz sələfinə hörmətlə yanaşmaqda davam etməlidir. Lakin mühafizəkarların növbəti ümumi seçkilərdə qələbəsini təmin etmək üçün o, partiyanı tərk etmiş 4 milyon seçini geri döndərməlidir və Consonu açıq şəkildə dəstəkləmək bu işdə ona kömək etməyəcək.

 

Partiyada parçalanma

 

Bu arada Mühafizəkarlar Partiyasının özündə parçalanma az dramatik deyil.

 

Partiyada liderliyə namizəd olaraq Trass özünün təqdim etdiyi iqtisadi proqramı sağ populist siyasətçilərin şüarlarından ibarət olub: dərhal vergiləri azaltmaq, biznesin nizamlanmasını zəiflətmək, Avropa İttifaqının qanunvericilik bazasına uyğunlaşdırılması üçün qəbul edilmiş qərarlardan imtina etmək və s.

 

Tənqidçilər qeyd edib ki, onun iqtisadi yüksəlişə nail olmaq üzrə hesablamalarının sübut bazası yoxdur. Qəribədir ki, bunu təkcə leyboristlər deyil, həm də öz partiyasının üzvləri də deyib.

 

Liderlik uğrunda yarışda Trassın rəqibi Rişi Sunak dəfələrlə onun iqtisadi planlarını tənqid atəşinə tutaraq onları gerçəklənə bilməyən adlandırıb. O, Trassı dövlətin maliyyəsini “ciddi təhlükəyə” məruz qoyan, ölkənin vergilərin azaldılmasına yol verə bilməyəcəyi siyasətdə ittiham edib. İndi, yarış bitdikdən sonra, onların ahəngdar əməkdaşlığa dönəcəyini təsəvvür etmək çətindir.

 

Bu ixtilaflar həm də Mühafizəkarlar Partiyasına növbəti seçkilərdə baha başa gələ bilər. Məsələ Trassın kumiri Marqaret Tetçer kimi partiyasını birləşdirib öz rəqiblərinə iradəsini göstərməyi bacara biləcəyindədir.

 

Energetika böhranı və həyatın dəyəri

 

Bu çağırışlar Trassın iqtisadi proqramı üçün sınaq olacaq, bunu necə edəcəyi isə, ehtimal ki, Böyük Britaniyanın yaxın illərdəki taleyini həll edəcək.

 

Trass yorulmadan vergilərin azaldılmasına çağırış edir və hökumətin insanlara verdiyi, özünün adlandırdığı kimi, “sədəqə”sinə skeptik yanaşır, çünki onların artan hesablarını ödəmək qabiliyyəti olmaya bilər. Lakin o, əlavə yardım göstərilməsi üçün manevr etmək imkanını da saxlayıb.

 

Bu qərarların qəbul edilməsi onun üçün nazik kanatla keçidə bənzəyəcək. Əgər Trass cəsarətli və baha başa cələcək addımlara qərar verərsə, o, parlamentdə başlıca dayağını, “kiçik dövlət”in mühafizəkar tərəfdarlarını və azad bazarı özündən uzaqlaşdıracaq. Əgər bundan xeyli azını edərsə, Böyük Britaniyada fövqəladə iqtisadi, sosial və humanitar vəziyyət yarana bilər, bu zaman elektrik enerjisinə qaldırılmayan hesablar müəssisələrin kütləvi surətdə bağlanmasına, əhalinin hər yerdə yoxsullaşmasına və sosial etirazlara gətirib çıxaracaq.

 

Ukrayna

 

Nisbətən birmənalı görünən azsaylı siyasi məsələlərdən biri Ukraynaya Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəsində bundan sonra da dəstək göstərilməsidir. Xarici işlər naziri olaraq Liz Trass Vladimir Putinin ən barışmaz əleyhdarlarından biri və sərt sanksiyaların tərəfdarı kimi göstərib. Bu  sərt mövqeyini o, böyük ehtimalla, özünün yeni baş nazir rolunda da qoruyub saxlayacaq.

 

Lakin digər dünya liderləri kimi, Trass müharibənin nəticələri ilə- energetika böhranı və inflyasiya ilə üz-üzə qalacaq. İstisna edilmir ki, soyuqlar düşdükcə bu problemlər ön plana keçəcək, sıravi britaniyalar isə onların ciblərinə çox güclü təsir etməyən yeni strategiya tələb edəcək.

 

Müəllif: Aleksandra Appelberq

Mənbə

Share: