UNESCO-nun Paris şəhərində yerləşən mənzil-qərargahı önündə Qərbi Azərbaycanın mədəni irsinin dağıdılmasını əks etdirən sərgi xarakterli aksiya təşkil edilib.
Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiya “Sərhədsiz Ədalət və Hüquq” (Justice et Droits Sans Frontieres) Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən “Mədəniyyətlərarası Dialoqun Yaradılması” adlı tədbir çərçivəsində baş tutub. Başlıca məqsəd qərbi azərbaycanlıların malik olduğu mədəni irsin, İrəvanda sıx yaşadığı məhəllələrin, o cümlədən Təpəbaşı məhəlləsinin ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılmasına Fransa ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini cəlb etmək olub.
Sərgidə İrəvan qalası, Sərdarabad qalası, Sərdar sarayı, Səlim karvansarayı, Urud abidələr kompleksi, Təpəbaşı məhəlləsi, Aşıq Ələsgərin qəbirüstü abidəsi, Abbas Mirzə məscidi, Sərdar məscidi, Rəcəb Paşa məscidi, Novquzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Təpəbaşı məscidi və mədəni irsimizə daxil olan digər abidələrin fotomaterialları nümayiş etdirilib.
“Sərhədsiz Ədalət və Hüquq” Assosiasiyasının nümayəndələri sərgiyə maraq göstərən paytaxt sakinlərinə Qərbi Azərbaycanın məqsədyönlü şəkildə dağıdılmış mədəni irsi barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, sərgi-aksiyanın keçirilməsindən xəbər tutan ermənilər təşkilatçılardan oncə həmin məkana gəliblər. Onların bəziləri sərgini uzaqdan seyr etsələr də, aralarında yaxınlaşıb nümayiş etdirilən fotomaterialları öz fotokameralarına çəkənlər də olub.