“Bu hansı mənəvi əxlaqa sığır?!”

Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalistlər üçün tikilmiş 3-cü binadan danışıb.

Modern.az xəbər verir ki, Rəşad Məcid “İndex.az”a müsahibəsində həmin binanın jurnalistlərə verilməsinin tərəfdarı olduğunu vurğulayıb:

“…bütün jurnalistlər deyir ki, Rəşad bəy, çalışın o məsələni gündəmə gətirin. Mən o vaxt da demişdim ki, ilk iki binada yaşayanların əksəriyyəti baş redaktorlar və redaktorlardı. Yəni üst qurumda olanlar ev alıb. İndi növbə çatıb sıravi jurnalistlərə və bunlar ev ala bilmir. Məsələn, mənə o vaxt dedilər ki, məlum müraciəti imzala, mən imzalamadım. Sual verdim ki, necə imzalaya bilərəm axı? Deməli, özüm ev almışam, amma illərdir ev arzusunda olana deyim ki, sənə ev verilməyəcək? Bu hansı mənəvi əxlaqa sığır?! Ona görə, qol çəkməmişdim.

Düzdür, imzalayanların içində elələri var ki, əvvəldən bunun əleyhinədir, deyirlər ki, dövlət jurnalistə ev verməmilidir…

…Bəs jurnalist necə ev alsın? Bu, indiki situasiyadan çıxmağın bir yoludur”.

R.Məcid jurnalistlərin maddi imkanının aşağı olmasına da toxunub:

 

“Mən həmişə demişəm ki, bizim jurnalistlər sovet vaxtındakı pambıqçılar kimidir! Səhərdən axşamadək işləyir və qəpik-quruş qazanır. Hansı jurnalistlə göüşürəm, deyir ki, maaşımız ipoteka ilə ev almağa imkan vermir. Cənab prezident də jurnalistlərə ev verəndə bunu demişdi. Dedi ki, bilirəm, jurnalistlərin maaşı azdır, onlar öz maaşı ilə ev ala bilmirlər, ona görə, bu cür addım atdıq. Təəssüf edirəm ki, bu cür savab işi də bəzi jurnalistlər bulandırdılar, bir-birlərinə qarşı kin-küdurət püskürdülər…

…bir dəfə Elxan Şükürlüyə dedim ki, tutaq ki, 450 evdən 250-si, lap 50-si kimlərəsə ədalətsiz verilib, amma qalanının haqqı idi axı. Elə adamlar alıb ki… Vallah böyük savabdı! Bunun üzərində dayanmaq lazımdır. Mənim orada oğlum yaşayır. O gün evinə getmişdim, o mühiti görəndə kövrəldim, həm də bir az rahatladım ki, bu qədər insan necə ev alacaqdı?

Bilirsən, jurnalistləri bulandıran nə idi? Mən dedim ki, bir-birimizə qarşı bu kin-küdurəti yığışdırın. Bir tərəfdən jurnalist adına iddia edən nadanlar var ki, kameranı qoyur qabağına, ağzına gələni danışır. İctimaiyyət də ona jurnalist deyir. Bir də ki, bir-birimizin qanını içməyə hazır olanlar var. Niyə?”. 

Mənbə

Share: