Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.
Bu barədə Modern.az-a Azərbaycan XİN-dən bildirilib.
“Ümumilikdə son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır”, – deyə rəsmi məlumatda qeyd olunub.