Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov qonaqları salamlayaraq xalqımızın öz milli–mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçdiyini, ölkə rəhbərliyi tərəfindən xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirildiyini bildirib.
Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin önəmindən söz açaraq bildirib ki, hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir.
Daha sonra “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi idarə heyətinin üzvü Günay Hacıyeva layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
“İslamda gənclik və mənəvi dəyərlər” mövzusunda çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov İslam dinində gəncliyin önəmi, mənəvi dəyərlər və gənclik mövzusunda mühüm bilgiləri vurğulayıb.
DİNİB-in İdarə heyətinin üzvü Dr. Aydın Talışinski çıxış edərək Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən DİNİB-in İdarə Heyətinin üzvü Vidadi Məmmədov tarixin süzgəcindən keçmiş milli-mənəvi dəyərlərimizin qloballaşma dövründə qorunub saxlanılmasının hər bir azərbaycanlının mənəvi borcu və vəzifəsi olduğunu qeyd edib.
Tədbirdən sonra qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.