“Azərbaycanın qərarını dəstəkləyirik” – Gürcüstanın sabiq prezidenti Modern.az-a danışdı

“Azərbaycanın qərarını dəstəkləyirik” – Gürcüstanın sabiq prezidenti Modern.az-a danışdı

“Gürcüstan sadəcə Cənubi Qafqaz üçün sülh istəyir və bunun üçün çalışır”.  

 

Bunu Modern.az-a eksklüziv açıqlamasında Gürcüstanın keçmiş prezidenti Georgi Marqelaşvili bildirib. 

 

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan regionda sülhün təmin olunması üçün çalışmalıdır:

 

“Bu məsələ prezidentlər səviyyəsində nizamlana bilər. Cənubi Qafqazın əsasını təşkil edən Azərbaycan, Gürcüstan və Ermənistan regionda firavanlıq üçün çalışmalıdır. Gürcüstan olaraq bizim iki ölkə ilə də əlaqələrimiz yüksəkdir, sülhün təmin olunmasının sadəcə diplomatik yolla yaxın müddətdə həll olunmasını istəyirik. Gürcüstanda həm Azərbaycan, həm də Ermənistan vətəndaşları yaşayır. Biz Azərbaycanın qərarlarına hörmətlə yanaşırıq və sülh müqaviləsinin bağlanmasını dəstəkləyirik. Bu prosesə dövlət səviyyəsində dəstək var”.  

 

Sabiq prezident Rusiya-Ukrayna müharibəsinə də toxunub. O, Ukraynada müharibənin başlamasının səbəbini beynəlxalq ictimaiyyətin Gürcüstan-Rusiya müharibəsində düzgün qərar verməməsində görüb.  

 

“Bu gün Rusiya-Ukrayna arasında gedən müharibə bizə o qədər də uzaq deyil. Biz Gürcüstan olaraq bununla 2008-ci ildə qarşılaşmışıq. Rusiyanın insanlığı hədələyən müharibəsi təkcə Ukraynaya deyil, bütün Avropaya təsir edir. Amma 2008-ci ildə Gürcüstan bu problemlə qarşılaşanda beynəlxalq ictimaiyyət ədalətli qərar verməmişdi. Avropa sadəcə susmuşdu və kimin kimə hücum etdiyi barədə düzgün qərar vermirdi. 2008-ci ildə dünya ədalətli baxış sərgiləsəydi, bu gün Rusiya bu qədər irəli getməzdi, hətta Ukrayna hadisəsi baş verməzdi”, – Gürcüstanın keçmiş dövlət başçısı qeyd edib.

Mənbə

Share: