Bakı Beynəlxalq Avtovağzal Kompleksində qayda-qanun yarada bilmirik

Bakı Beynəlxalq Avtovağzal Kompleksində hələ də tam qayda-qanun yarada bilmirik. O qədər səy göstəririk, lakin orada xoşagəlməz vəziyyət hələ də hökm sürür”.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

 

Nazir müavininin sözlərinə görə, rayonlarda vəziyyət daha da çətindir.

 

“Bu vəziyyəti kökündən dəyişməyin yeganə yolu icazə sisteminin bərqərar olmasıdır. Avtobuslar birmənalı şəkildə avtovağzaldan-avtovağzala getməlidir. Bunun başqa yolu yoxdur. Biz Daxili İşlər Nazirliyinə vəziyyətlə bağlı müraciət etdik, avtovağzalın qarşısında vəziyyətin yoluna qoyulması üçün xeyli köməklik göstərdilər. Digər yerlərdə də oxşar vəziyyətdir”, – deyə nazir müavini qeyd edib.

 

R. Hümmətov bildirib ki, qısa zamanda “Biletim.az” portalı istifadəyə veriləcək: “Şəhərlərarası sərnişin üçün bilet satışı tamamilə nağdsız ödəniş formasına, onlayn satışa keçiriləcək. Orada normal bir sistem qurulub. Məsələ burasındadır ki, kənd adamı gəlir avtovağzala və bəlli olur ki, bilet qalmayıb. Ən yaxşı halda ya bir neçə saat gözləyir, ya da iki dəfə xərc çəkmiş olur. Belə ki kəndən avtovağzala getməlidir, bilet almalıdır və bir də kəndə qayıtmalıdır. Bütün bunları nəzərə alaraq biz bilet satışını elektron varianta keçiririk. Bir tərəfdən icazə sistemi, digər tərəfdən də “biletim.az”ın istifadəyə verilməsi, daha sonra isə şəhərdaxili, rayondaxili nağdsız ödəniş sistemi öz həllini tapmalıdır. Bununla bağlı da bəzən absurd çətinliklər yaranır. Avtobusa quraşdırılmalı olan avadanlığın qiyməti avtobusun qiymətindən baha olur. Və ya o avtobusun tipi ümumiyyətlə ödəniş sistemi üçün nəzərdə tutulmayıb. Bu çətinliklər gərək planlı şəkildə, tədricən aradan qalxsın”.

Mənbə

Share: