Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı, 1248.1-ci və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafarinin və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ş.Məmmədovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altıaylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.