Azərbaycanın Vətən Müharibəsində qazandığı möhtəşəm Zəfərdən 2 il ötür.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Məhz bu münasibətlə Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra 8 noyabr ölkəmizdə Zəfər günü kimi qeyd edilir.
Belə ki, ölkə başçısının 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb.
Zəfər günü ilə əlaqədar təəssüratlarını Modern.az-la bölüşən Milli Qəhrəman İbad Hüseynov qeyd edib ki, 8 noyabr tarixi Azərbaycan xalqının və dövlətinin gələcək mövcudluğunun, müstəqilliyinin möhkəmlənməsinin, ərazi bütövlüyünün təmin olunmasının rəmzi deməkdir:
“Şanlı ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında tarixdə son 300 il ərzində məğlubiyyət silsiləsinə son qoyaraq, böyük Zəfərin əsasını qoymuş oldu. Vətən müharibəsində qələbə qazanmağımız dövlətimizin bölgədə və dünyada artan nüfuzuna təkan verdi. Azərbaycan Ermənistanı daha sonrakı mərhələdə sülh müqaviləsinin imzalanmasına məcbur edərək, bölgədə sabitliyin təmin edilməsinə növbəti dəstəyini göstərəcək. Xalqımız bu möhtəşəm Zəfərə layiqdir. 30 il həsrətində olduğumuz torpaqlara qayıtmağımız, üstəlik Böyük Qayıdışın başlanması da torpağın əsl sahiblərinin kim olduğunu bütün dünyaya göstərdi. Biz düşmən tapdağından qanımız bahasına geri aldığımız torpaqlarda xoş günlər görəcəyik, Zəfər tariximizi təmtəraqla qeyd edəcəyik.
Bu mübarək gündə möhtəşəm qələbə sevincini bizlərə yaşadan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, uca tanrıdan onlara rəhmət diləyirik. Zəfər günü xalqımızın gələcək uğurlarının, böyük yolun başlanğıcıdır!”
Milli Qəhrəman Ehtiram Əliyev isə söyləyib ki, qələbənin ildönümünü qeyd edə bilmək qürurvericidir:
“Azərbaycanın torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası bizim üçün hava, su qədər əhəmiyyətli idi. Biz artıq azad olunmuş ərazilərimizə səfərlər edə bilirik. 30 il həsrətində olduğumuz torpaqları görə bilirik. O əraziləri belə halda görmək ürək ağrısıdır. Düşmən bizim uğrunda vuruşduğumuz, qan tökdüyümüz torpaqları elə hala salıb ki, sözlə demək çətindir. Bilirsiniz ki, qələbədən sonra dərhal abadlıq işlərinə başlanıldı. Artıq xeyli yol qət edilib, Qarabağın bərpası istiqamətində. Bu, bizim üçün daha bir sevindirici haldır. Böyük Qayıdışın bərpası insanlarımızın öz doğma torpaqlarında firavan yaşayacağına inamımızı artırır.
Vətən Müharibəsində qazandığımız dayanıqlı Zəfərimiz Azərbaycanın regionda və dünyada nüfuzunu daha da artırdı. Söz sahibi ölkələr sırasında adı çəkilən Azərbaycanın regionda sülhün təmin olunması istiqamətində addımları öz bəhrəsini verəcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz də Milli Qəhrəman kimi qələbəni bizə yaşadanlara borcluyuq. Ordumuza qüvvət, Ali Baş Komandanımıza cansağlığı, xalqımıza firavanlıq arzulayırıq”.
Qeyd edək ki, Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında olan münaqişəyə son qoyub.