22 noyabr – ədliyyə işilərinin peşə bayramı günü münasibətilə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin tələbələrinin ədliyyə orqanları və məhkəmələrlə tanışlığı aylığı çərçivəsində onlar Sumqayıt Məhkəmə Kompleksi və orada yaradılan müasir şəraitlə tanış olublar.
Məlumat verilib ki, dövlət başçısının iştirakı ilə 03 sentyabr 2021-ci il tarixdə açılışı baş tutmuş Kompleks konseptual baxımdan öz funksionallığı ilə fərqlənir və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. Burada yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.
Sumqayıt Məhkəmə Kompleksinin inzibati və ictimai zonaları ilə tanış olan tələbələrə bildirilib ki, inzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və tərəflər yalnız məhkəmə iclas zallarında görüşürlər.
Onlar həmçinin, məhkəmədə tətbiq olunan “Elektron məhkəmə” informasiya sistemi və onun imkanları, digər innovasiyalar barədə məlumatlandırılıblar. Eyni zamanda tələbələr binada böyük akt zalına, müxtəlif tədbirlərin, o cümlədən tədris kurslarının keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş konfrans və iclas zallarına, kitabxanaya baxıblar.
Sonra Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev tələbələrlə görüşüb, onlara məhkəmə hakimiyyətinə ölkə Prezidentinin diqqət və qayğısı, aparılan məhkəmə-hüquq islahatları, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin fəaliyyəti ilə bağlı məlumat verib.
Sonda xatirə şəkli çəkdirilib.