İranın Tehran, Təbriz, Əhvaz, Yəzd, Rəşt, Urmiya və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir. Nümayişlərdə “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Azadlıq, Ədalət, Milli Hökumət!”, “Buna etiraz deməyin, bu inqilabdır!” və digər şüarlar səsləndirilib.
“Report”un xəbərinə görə, Təbriz Universitetinin tələbələri kütləvi etiraz aksiyası keçiriblər və bütün tələbələri nümayişlərə qoşulmağa çağırıblar. Narazı gənclər “Qorxmayın, biz hamımız birlikdəyik!” şüarı səsləndiriblər. Həmçinin Təbriz Azad Universitetinin tələbələri də “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı səsləndiriblər.
Bundan başqa, Tehran Xacə Nəsir Universitetinin Elektrik mühəndisliyi fakültəsinin tələbələri də etiraz aksiyası keçiriblər. Gənclər “Buna etiraz deməyin, bu inqilabdır!” şüarı səsləndiriblər. Bu arada, Tehranın Pərdis Universitetinin tələbələri ilə mülki geyimli hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Gənclər “Şərəfsiz, şərəfsiz!” şüarı səsləndiriblər. Bundan əlavə, Qəzvində Tibb Universitetinin tələbələri etirazlara qoşulublar.
Ötən gün Urmiya şəhərində və Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində İran hakimiyyətinə etiraz olaraq gecə aksiyası keçirilib. Qəzəbli kütlə hökumətə qarşı bir sıra tələblər irəli sürüb. Onlar “Bu il qan ilidir, Seyid Əli devrilməlidir!” şüarı səsləndiriblər. Tehranın qərbində etiraz aksiyası keçirən insanlar “Universitet dağıdıldı, Tehran təcridxanaya çevrildi!” şüarı səsləndirərək küçələri bağlayıb tonqal yandırıblar. Paytaxtın Mərzdəran məhəlləsində keçirilən nümayişə gənclər və yeniyetmələr rəhbərlik edib.
Tehran bazarında da sahibkarlar etiraz aksiyası keçirib. Tehranda hökumət qüvvələri xəstəxananın içərisinə gözyaşardıcı qaz buraxıb. Şəhriyar şəhərində etirazçılar Xomeyninin heykəlini yandırıblar. Tehranın mərkəzindəki Vəliəsr prospektinə toplaşan etirazçılar “Vilayəti-fəqih”ə (Xameneinin hakimiyyətinə) qarşı ölüm şüarı səsləndiriblər.
İsfahan əyalətinin Şahinşər şəhərində gənc qadınlar yaylıqlarını açaraq İslam rejiminə qarşı etiraz aksiyası keçirib və “Azadlıq, azadlıq, azadlıq!” şüar səsləndiriblər. Mərkəz əyalətinin Ərak şəhərində etirazçılar polis maşınını yandırıb. Gilan əyalətinin Rəşt şəhərində gənclər molla rejiminə qarşı etiraz aksiyası keçirib. Nümayişçilər “Xameneiyə ölüm olsun!”, “Xomeyniyə lənət olsun!”, “Seyid Əli devrilməlidir!”, “Bu son xəbərdarlıqdır!” və s. şüarlar səsləndiriblər.
Yeri gəlmişkən Fars əyalətinin Şiraz şəhərində qeydə alınmış videoda hökumət qüvvələrinin vətəndaşlara atəş açması əks olunub. Mərvdəşt şəhərində hökumət qüvvələri məscidin içərisindən əhaliyə atəş açıblar.
İran hakimiyyəti baş verənləri gizlətməyə çalışsa da, buna nail ola bilmir. Məlumata görə, ölkənin bir çox şəhərlərində həmkarlar ittifaqları da tətilə başlayıb. Bundan əlavə, İranın paytaxtı Tehran başda olmaqla onlarla şəhəri 2019-cu ilin noyabr etirazlarının ildönümü ilə əlaqədar tətilə qoşulub. Belə ki, bazarlar, mağazalar, istehsal müəssisələri fəaliyyətini dayandırıb.
İranın türkmənlər yaşayan Gülüstan (Türkmənsəhra) əyalətində onlarla fəal həbs edilib. Onlardan 30 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub. Eyni zamanda Tehranın Əmir Kəbir Texnologiya Universitetinin bir neçə tələbəsi həbs olunub. Bundan başqa, İranın cənubunda yerləşən Sistan və Bəlucistan əyalətində etiraz aksiyalarında iştirak edən 38 nəfər azad edilib. Bununla bağlı əyalət hökuməti qərar qəbul edib. Ərdəbildə isə fars-molla rejiminin zülmünə etiraz edən şücaətli gənc qıza insanlar dəstək verib və hökumət qüvvələrinin onu həbs etməsinin qarşısını alıblar. Qəzvin əyalətinin məhkəmə-tibbi ekspertizası güneyli fəal Cavad Heydərinin arxadan güllələndiyi barədə rəy verib.
İran millisinin Azərbaycan əsilli keçmiş futbolçusu, 53 yaşlı veteran idmançı Əli Dayi hökumətə etiraz olaraq Qətərdə keçiriləcək dünya çempionatına getməyəcəyi barədə öz instaqram hesabında paylaşım edib. İranın ali rəhbərin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə bildirib ki, düşmənlər çarəsizlik üzündən masa üzərində olan bütün variantları həyata keçirdikdən sonra bıçaqlanma, iğtişaşlar və söyüşlərə əl atıblar. Siyasi və beynəlxalq məsələlər üzrə ekspert Sasan Vəlizadə söyləyib: “Düşmənlər “Qadın, Həyat, Azadlıq!” şüarının arxasında terrorçu mahiyyətlərini gizlədiblər”.
Bu arada, bu il oktyabrın 7-dək İranda 528 nəfər edam edilib. Bu da 2021-ci illə müqayisədə edam saylarının 98% artdığını göstərir.
Eyni zamanda, Xorasan Rəzəvi əyalətinin Ədliyyə Ekspertlər Birliyinin rəhbəri Məhəmməd Hüseyn Şirkanın noyabrın 15-də güllələnərək öldürüldüyü bildirilibb. Məşhədin qubernatoru qatilin hələ də tutulmadığını və qətlin motivinin aydın olmadığını açıqlayıb.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı noyabrın 15-də yaydığı məlumatda sentyabrın 17-si və noyabrın 14-i tarixləri arasında ölkədə davam edən etiraz aksiyalarında 52-si uşaq olmaqla 344 nəfərin öldürüldüyünü açıqlayıb. Bununla yanaşı, 15 820 nəfərin saxlanıldığı, bunlardan 448 nəfərinin tələbə olduğu və onlardan 1981-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Habelə bu müddət ərzində 140 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər keçirib və 138 universitetin tələbələri aksiyaları dəstəkləyiblər.