“Fransa Senatının Azərbaycanla bağlı qətnaməsi riyakarlıqdan, tarixi həqiqətlərin təhrifindən başqa bir şey deyil”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, bütün dünyanın qəbul etdiyi həqiqəti Fransanın inkar etməsi, bu dövlətin beynəlxalq hüquq və ədalət konteksindən deyil, cırız maraqlar müstəvisindən çıxış etdiyini göstərir:
“Azərbaycanın ötən əsrin 90-cı illərindən etibarən erməni təcavüzünə uğraması, Qarabağ və ətraf rayonların 30 il ərzində erməni işğalında qalması, bu müddətdə bir milyondan çox vətəndaşımızın təməl hüquqlarının pozulması, xalqımıza məxsus sərvətlərin amansızcasına talanması bütün dünyaya məlum olan, hər bir dövlətin bildiyi bir həqiqətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin bununa bağlı dörd qətnaməsi mövcuddur. Hansı ki, nu qətnamələrin hər biri beynəlxalq aləmin erməni işğalına münasibətini əks etdirir. Belə olan halda Fransa Senatının Azərbaycanı haqsız yerə ittiham etməsi, bizdən “Ermənistan ərazisindən” çıxmağı tələb etməsi gülüncdür və bu dövlətin simasızlığından xəbər verir. Çünki 44 günlük Vətən müharibəsi ancaq və ancaq Azərbaycan torpaqlarını əhatə edib. Nə müharibə zamanı, nə də post-müharibə dönəmində Ermənistan ərazisinə hər hansı müdaxilə edilməyib. Baxmayaraq ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan ərazisində bərqərar olmaqdadır və başda İrəvan olmaqla bütün Ermənistan ərazisi tarixi nöqteyi-nəzərdə bizə məxsusdur. Lakin Azərbaycan hər zaman olduğu kimi müharibə dönəmində də beynəlxalq hüququ əsas tutaraq Ermənistan ərazisinə müdaxilə etmədi. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən çıxmağa səsləmək absurd və tamamilə məntiqdən kənardır”.
Vahid Əhmədov bildirib ki, Fransa Senatının qətnaməsi bu dövlətin haqqın, ədalətin deyil, terrorçunun yanında yer aldığını göstərir:
“Azərbaycan xalqına qarşı Xocalı soyqırımı kimi böyük qətliyam törədən, uşaq, qadın,qoca da daxil olmaqla minlərlə soydaşımızı qətlə yetirən Ermənistanın terror dövləti olduğu, erməni faşizminin bütün region üçün ciddi təhlükə kəsb etdiyi kimsəyə sirr deyil. 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzən Azərbaycan, müharibə yolu ilə öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, erməni faşizmi təhlükəsini də böyük ölçüdə ortadan qaldırdı. Bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini tanıdı, onun işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi nəhəng quruculuq işlərini təqdir etdi. Yalnız Fransa həm müharibə dönəmində, həm də ondan sonra terrorçu Ermənistanın himayədarı qismində çıxış etməkdə davam etdi. Fransa Senatının məlum qətnaməsi bu ölknin bu gün də terrorçu Ermənistanın yanında yer aldığını göstərir. Bu bədnam qətnamə bir daha sübut edir ki, Fransa beynəlxalq hüquq və ədalət anlayışından tamamilə uzaqdır və “ümumbəşəri dəyərlər”, “beynəlxalq hüquq” deyəndə yalnız özünün və Ermənistanın maraqlarını nəzərdə tutur”.
Millət vəkili qeyd edib ki, sözügedən qətnamə sadəcə Fransa-Azərbaycan münasibətlərinə deyil, həm də Fransanın beynəlxalq aləmdəki nüfuzuna zərbə vuracaq:
“Şübhəsiz, Fransa Senatının böhtan xarakterli qətnaməsi Azərbaycan-Fransa münasibətlərinə zərbə vuracaq, bu münasibətləri əhəmiyyətli dərəcədə zədələyəcəkdir. Bu qətnamə Fransanın beynəlxalq aləmdəki nüfuzu üçün də ciddi zərbə olacaq, ona olan inam və etibarı zədələyəcək.
Bu baxımdan Fransa Senatının məlum qətnaməsi hər şeydən öncə Fransanın öz nüfuzuna vurulan zərbə hesab edilməlidir. Yəqin ki, yaxın gələcəkdə bu qətnamənin Fransa üçün zərərli nəticələrinə şahid olacağıq”.
Valid Əhmədov bildirib ki, Fransa Senatının qətnaməsi regionda sülh və təhlükəsizlik üçün də böyük təhdid təşkil edir:
“Fransa Senatının Azərbaycanla bağlı bədnam qətnaməsinin zərərli tərəflərindən biri bu qətnamənin regionda sülh və sabitlik üçün ciddi təhdid təşkil etməsidir. Bildiyiniz kimi, Ermənistan 44 günük Vətən müharibəsində məğlub olaraq 2020-ci ilin 10 noyabr tarixində üçtərfli Bəyanatı imzalamaq məcburiyyətində qalsa da, bu Bəyanatın tələblərini yerinə yetirməyə səy göstərmir, əksinə, sülh sazişinin imzalanmasını süni şəkildə yubadır. Son iki ildə Ermənstanın Azərbaycana qarşı həyata keçirdiyi terror və təxribat siyasəti rəsmi İrəvanın məkirli niyyətindən, revanşist cəhdlərindən xəbər verir. Belə bir şəraitdə Fransa Senatının terrorçu Ermənistanı açıq şəkildə dəstəkləməsi, vaxtı ilə işğaldakı Azərbaycan torpaqlarında yaradılan qondarma qurumun müdafisinə qalxması Ermənistanı yeni təxribatlara həvəsləndirməkdən başqa bir şey deyil. Bu baxımdan Fransa Senatının absurd qətnaməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyə vurulan ağır zərbə, bölgədə gərginliyi artırmaq, yeni qarşıdurmalara rəvac vermək cəhdidir. Odur ki, gələcəkdə Cənubi Qafqaz regionunda baş verəcək hər hansı qarşıdurmaya görə məsuliyyət Ermənistanla yanaşı, həm də Fransanın üzərinə düşəcək”.
Seymur ƏLİYEV