İsveç “Şimal axını”nda partlayış törədildiyini təsdiqləyib

“Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlar təxribatdır”.

 

Bunu cümə günü İsveç prokurorluğu təsdiqləyib və qeyd edib ki, istintaq davam edir.

 

“Baltik dənizində hadisə yerinə baxış zamanı çoxlu sübutlar toplanıb və ərazidə olan hər şey diqqətlə sənədləşdirilib. Bu günə qədər aparılan ekspertizalar aşkar edilmiş yad obyektlərin bir neçəsində partlayıcı maddələrin izlərini göstərir. Hadisə ilə bağlı daha əsaslı nəticələr çıxarmaq üçün ilkin analitik işlər davam edir”, – deyə ibtidai istintaqa cavabdeh olan prokuror Matsa Yunqkvist bildirib.

 

İsveç prokurorluğu qeyd edir ki, ilkin istintaq çox mürəkkəb və əhatəlidir.

 

“İşi davam etdirmək üçün dinc və sakit işləyə bilməyimiz vacibdir”, – deyə Yunqkvist əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda – “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan edib. Sentyabrın 30-da Danimarka kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini bildirib. 

 

Bundan əvvəl, Polşa televiziyası “Şimal axını”nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür. /oxu.az/

 

Mənbə: TASS

 

Mənbə

Share: