“Barselona” DÇ-2022-yə rekord sayda oyunçu yola salır

“Barselona”nın 17 futbolçusu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün milli komandalarına çağırılıb.

 

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

 

Bu rəqəm bütün dünya çempionatları tarixində rekord göstəricidir.

 

“Barselona”dan dünya çempionatına gedəcək futbolçular Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert Levandovski (Polşa), Usman Dembele, Jül Kunde (hər ikisi Fransa), Rafinya (Braziliya), Memfis Depay, Frenki de Yonq (hər ikisi Niderland) və Ronald Arauxodur (Uruqvay).

 

Qeyd edək ki, “Bayern” daha əvvəl komandadan 17 futbolçunun mundiala gedəcəyini açıqlasa da, zədə səbəbindən klubun və Seneqal millisinin hücumçusu Sadio Mane turnirdə iştirak etməyəcək. Beləliklə, Almaniya klubundan turnirə 16 futbolçu yollanacaq.

 

Həmçinin mundiala 16 futbolçu “Mançester Siti”, 14-ü “Mançester Yunayted” və 13-ü “Real Madrid”dən qatılacaq.

 

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması “Milli Stadion”da baş tutacaq.

Mənbə

Share: