Tokayev Nazarbayevin yanlışını düzəldir – ŞƏRH

“Kasım-Jomart Tokayev yenidən Qazaxıstan prezidenti seçilib. Onu prezident seçilməsi münasibətilə ilk təbrik edən keçmiş dövlət başçısı Nursultan Nazarbayev olub. Nazarbayev Tokayevin qələbəsini tarixi adlandıraraq, xalqın ona inandığını bildirib. Nursultan Nazarbayev Tokayevin rəhbərliyi ilə aparılan islahatlara təqdir edərək onun Qazaxıstan üçün ən kritik anlarda doğru qərar verdiyini vurğulayıb. Halbuki, Tokayev qayda-qanun yaradarkən Nazarbayev irsindən qurtulmağa çalışır”.

Modern.az xəbər verir ki, bunu Qazaxıstanda keçirilimiş növbədənkənar prezident seçkilərinin nəticələrini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

Ekspert xatırladıb ki, Tokayev yeni Konstitusiyaya görə yalnız bir dəfə 7 il müddətində prezident olacaq.

– “Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla çıxış edən Tokayev dövlət institutlarının yenidən qurulmasına ehtiyac olduğu siyasətindən çıxış edir. Tokayev böyük ehtimalla prezidentliyinin yeni mərhələsində ölkədə iqtisadi islahatları dərinləşdirməyə çalışacaq. O, korrupsiya ilə mübarizəni də davam etdirəcək. Bu mübarizə nəticəsində Nursultan Nazarbayevin yaxınları dövlət institutlarından uzaqlaşdırılıb. Tokayev oliqarxların pullarını xarici banklarda deyil, ölkə iqtisadiyyatının inkişafına yötənləməyin vacibliyi qənaətindədir.

 

Analitikin sözlərinə görə, Tokayev Qazaxıstanın geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasətə üstünlük verir.

– “Geosiyasi mövqeyi, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq” – deyən Tokayev milli maraqların qorunmasına, bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun davam etdiriləcəyini bildirib.

Bu doğru strategiyadır. Qazaxıstan xarici siyasətdə hər hansı bir istiqamətə xüsusi üstünlük versə, başqa istiqamətlərdə təhlükə ilə üzləşə bilər. Məsələn, Astana Qərblə əlaqələri Rusiya və Çinlə əlaqələrdən üstün tutsa, Moskva və Pekinin müxtəlif təzyiqləri ilə üzləşəcək. Buna baxmayaraq, Qazaxıstanın Rusiya və Çin istiqamətlərində də ehtiyatlı olması vacibdir. Çünki Qazaxıstanın Rusiya və Çindən asılılığı bu ölkənin müstəqilliyinə ciddi təhlükə yaradacaq. Çinin Qazaxıstanda böyük yatırımları mövcuddur. Bu, Nursultan Nazarbayevin xarici siyasətindəki yanlışlardan biridir. Qazaxıstanın Çinə olan borcu bir sıra hallarda Pekinin Astanaya təzyiq etməsinə şərait yaradır. Tokayev bu yanlışı düzəltməyə çalışır.

 

E.Şahinoğlu deyib ki, Tokayevin Türk dünyası ilə inteqrasiyanı genişləndirməsi Qazaxıstanın milli və təhlükəsizlik maraqlarına uyğundur:

– Türk dövlətlərinin inteqrasiyası qonşu ölkələrə qarşı yönəlməyib, əsas hədəf əməkdaşlığın genişləşdirilməsi və ortaq layihələrin reallaşmasıdır. Tokayevin prezidentliyi dönəmində Astananın Ankara və Bakı ilə əlaqələri intensivləşib, qarşılıqlı səfərlər və ortaq layihələr Qazaxıstanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasına şərait yaradıb. Tokayev prezidentliyi dönəmində bu siyasəti davam etdirəcək.

Mənbə

Share: