Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Modern.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda iş üzrə zərərçəkmiş şəxslərdən iki nəfərin apellyasiya şikayəti vermə müddətinin bitdiyi elan olunub.
İclasda yekun olmayan məhkəmə aktı qəbul olunub.
Apellyasiya şikayətlərinin müddətinin bərpa olunması ilə bağlı iş Bakı Hərbi Məhkəməsinə qaytarılıb. Bununla bağlı məhkəmə baxışı qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Qeyd edək ki, general-mayor Mövlam Şixəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.