Saakaşvilinin qardaşı siyasətçinin ölə biləcəyini söylədi: 118 kq-dan 78-kq-ya düşüb

Tbilisi klinikasında olan keçmiş prezident Mixail Saakaşvilinin səhhəti son dərəcə ağırdır, o, yerindən tərpənə bilmir.

Modern.az xəbər verir ki, bunu sabiq prezidentin qardaşı Georgi Saakaşvili “Palitranews” telekanalının efirində bildirib.

“Vəziyyəti çox ağırdır və getdikcə pisləşir. Ya uzanır, ya da oturur, gəzə bilmir… Klinikaya köçürüləndə ora öz ayaqları ilə gedib, indi onun hərəkət etməsi çətinləşib… Həkimlər deyirlər ki, əgər hər şey belə davam etsə, sonu ölümcül bitə bilər”, – Saakaşvilinin qardaşı bildirib.


Qardaşının sözlərinə görə, siyasətçini xilas etməyin yeganə yolu onu xarici klinikaya köçürməkdir, belə bir ərizə ilə müdafiə tərəfi tezliklə məhkəməyə müraciət edəcək.

Georgi Saakaşvili deyib ki, ədliyyə naziri Rati Breqadze keçmiş prezidenti müalicə etmək üçün xarici klinikadan həkim gətirmək təklifini qəbul etməyib. Halbuki, Tbilisi klinikalarında müvafiq şərait və avadanlıq yoxdur.

“Onun çəkisi 79 kiloqrama dfüşüb, Gürcüstana gələndə 118 kiloqram idi… Hakim “Gürcü arzusu” partiyasının üzvləri Saakaşviliyə klinikada baş çəksəydilər, onun vəziyyətinin nə qədər kritik olduğuna əmin olardılar”, – Saakaşvilinin qardaşı bildirib.

 

Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili 3 il, ikincidə isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” televiziya şirkətinin talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı işlərdə də təqsirləndirilən şəxsdir – onlara hələ də məhkəmələr baxır.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Saakaşvili uzun müddət həbsdə qalacaq, o, azadlıqdan məhrum edildiyi bütün müddətini çəkəcək.





Mənbə

Share: