Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqlarına da münasibət bildirib.
Modern.az xəbər verir ki, Lavrov ABŞ və Fransanın ATƏT-in Minsk qrupunu dəfn etdiyini söyləyib.
“Bununla bağlı bizim problemimiz yoxdur. Rusiya ilə heç bir formatda əməkdaşlıq edilməyəcəyini Qərb bəyan edib. Ona görə də erməni həmkarlarımız bizə Minsk qrupunu xatırladanda, biz onlara deyirik ki, bunu bizdən yox, ABŞ və Fransadan soruşun”, – deyə nazir qeyd edib.
XİN başçısı bildirib ki, Azərbaycanın qatılmadığı hər hansı vasitəçilik missiyası mənasızdır: “Azərbaycanlılar və ermənilər mədəni insandırlar. Onlar Brüsseldə delimitasiya prosesi ilə bağlı danışıqlara gedirlər. Amma mənə aydın deyil ki, yalnız Rusiyanın Baş Qərargahında olan xəritələr olmadan delimitasiya və sülh prosesi ilə bağlı danışıqları necə aparmaq olar”.