Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat bildirib ki, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə Fransa tərəfindən vurulmuş növbəti zərbədir:
“Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür. Layihənin ümumi məzmunu Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını zəiflədir. Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd münasibət nümayiş etdirib. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də olsun narahatlıq ifadə etməyib”.
Deputat vurğulayıb ki, Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini göstərir:
“Qətnamənin Fransa hökumətinin nümayəndəsi tərəfindən dəstəklənməsi bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında maraqlı olduğuna dair uzun müddətdir ki mövcud olan şübhələri daha da dərinləşdirdi. Fransa parlamentinin hər iki palatasının üzvləri Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar”.