TRT Hakan Şükürün adını çəkən teleaparıcını efirdən QOVDU

Türkiyənin TRT1 kanalında xoşagəlməz hadisə baş verib. Modern.az-ın məlumatına görə, Dünya Çempionatı-2022-nin dünən keçirilən Kanada-Mərakeş oyununu şərh edən Alper Bakırcıgil matçın fasiləsində efirdən kənarlaşdırlıb.

Buna səbəb aparıcının Mərakeş komandasının oyunun 4-cü dəqiqəsində vurduğu qol zamanı “Dünya Çempionatı tarixində ən erkən qolu Hakan Şükür vurub” faktını səsləndirməsi olub.

Efirdə Hakan Şükürün adının çəkilməsindən hiddətlənən TRT-nin rəhbərliyi Kanada-Mərakeş oyununun 2-ci hissəsini şərh etməyi başqa aparıcıya – Cüneyt Kırana həvalə edib.


Efirdən kənarlaşdırılan Alper Bakırcıgil isə buna etitraz əlaməti olaraq istefa verib və gecəykən sosial şəbəkədə TRT ilə yollarının ayrıldığını yazıb:

“Uzun illər qürurla çalışdığım TRT qurumu ilə bu gün yaşanan olay sonrası əlaqəm kəsilmişdir. Ayrılıq sevgiyə daxildir. Yenidən görüşmək diləyilə salamat qalın”.

Həqiqətən də Hakan Şükür dünya çempionatları tarixində ən erkən qolun müəllifi kimi dünya futbol tarixinə düşüb. Bu hadisə 2002-ci ildə keçirlmiş Dünya Çempionatında  baş verib. Həmin vaxt 3-cü yer uğrundakı görüşün 9-cu saniyəsində Türkiyə milli komandası Cənubi Koreyanın qapısına qol vurmaqla futbol tarixinə düşüb. Qolun müəllifi isə millinin hücumçusu Hakan Şükür olub.


Türkiyənin milli komandasının və “Qalatasaray” klubunun keçmiş oyunçusu Hakan Şükür futbolçu karyerasını başa vurandan sonra hakim Ədalət və İnkişaf Partiyasının parlamentindəki millət vəkillərindən biri olub.

2015-ci ildə adı “Fətullahçı” örgütlə işbirliyində hallanan məşhur futbolçu ABŞ-a mühacirət etməyə məcbur olub.

Türkiyənin hüquq-mühafizə orqanları 2016-cı ildə Hakan Şükür barəsində həbs olunma qərarı çıxarıb.

A.Qorxmaz

Mənbə

Share: