Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. Bu zaman o, Qarabağın yer adlarına dair toponimlərlə bağlı suala da cavab verib.
“Məsələn, yazırıq Xankəndi, Ağdərə… Toponimlərə hörmət edərək, Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında isə adlar başqa cür yazılır. Amma biz sülhməramlılar necə varsa, elə yazırıq. Siz yoxlaya da bilərsiniz”, – deyə general toponimlərin səhv yazılmasına görə Rusiya Müdafiə Nazirliyini günahlandırıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bütün bunların Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunduğu aydın məsələ idi:
“İstər sülhməramlıların komandanı Andrey Volkov olsun, istərsə də başqası, fərqi yoxdur. Çünki bu hərbi kontingent birbaşa mərkəzin – Moskvanın tapşırıqlarını icra edirlər. Mən bunu əminliklə deyə bilərəm. Çünki mən 1988-92-ci illərdə Volkov kimilərlə təmasda olmuşam. Həmişə onların ədalətsizliklərinin qurbanı olmuşuq. Rusiyanın 366-cı motoatıcı alayının Xocalıda ermənilərlə birgə törətdiyi soyqırımının şahidi olmuşuq. Bu hərbi kontingent də həmin alayın davamıdır. Bir sözlə, bütün qanunsuzluqlar Moskvanın tapşırıqları ilə baş verir”.
Deputatın sözlərinə görə, sülhməramlılar öz şəxsi mənafeyləri, dolanışıqları naminə nəyə desən əl atarlar:
“Rusiya heç öz ərazisindəki əsgərlərə nəzarət edə bilmir. Ukraynada baş verənlər bunu göstərir. İndi buradakı hərbi kontingent də Vardanyan kimilərin verdiyi pul, dəyərli hədiyyələr qarşılığında nə desən edirlər. Biz məsələləri Volkov kimilərin qarşısında yox, onlara komanda verənlərin qarşısında qaldırmalıyıq. Volkov çıxışında etiraf edir ki, bəli Azərbaycan Müdafiə Nazirliyi onlara toponimlərlə bağlı sənədləri verib.
Ancaq onların tabe olduğu qurum başqa cür yazmağı tələb edir. Belə olan halda Azərbaycan sərt tələblər irəli sürməlidir. Azərbaycan Xankəndidən Ermənistana gedən yolda özünün sərhəd buraxılış və gömrük məntəqəsini qurmalı, Daxili İşlər Nazirliyinin işini təşkil etməlidir. Buna Azərbaycanın tam haqqı var. Birincisi, bu ərazilər Azərbaycanın özünündür. İkincisi, 2020-ci il 10 noyabr və digər bəyanatlara baxmayaraq, hələ də Zəngəzur dəhlizi açılmayıb. Onda bizim tam haqqımız var ki, Laçın yolunu bağlayaq, yaxud həmin yola nəzarəti həyata keçirək. Belə olanda Ermənistan və Rusiya bizim tələblərimizi məcburən yerinə yetirəcək”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, sülhməramlıların komandanı general-mayor Andrey Volkov o sözləri məcburiyyət qarşısında deyib:
“Gedişat onu göstərir ki, Azərbaycan dövləti və müvafiq qurumlar Qarabağın dağlıq hissəsindəki ərazilərə nəzarəti gücləndirməyə çalışır. Ümumiyyətlə, Azərbaycan Müdafiə Nazirliyinin toponimlərlə bağlı xəbərdarlığı da hadisələrin bizim nəzarətimizdə olduğunu göstərir. Bu, həm də Azərbaycanın öz maraqlarını necə müdafiə etdiyinə işarədir. Doğrudur, Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlığına baxmayaraq, Rusiyadan rəsmi cavab gəlmədi. Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov isə rəsmi cavab verməyə məcbur olub. Ancaq əgər məsələ onun azərbaycanlı jurnalistlərə dediyi kimidirsə, yəni, həqiqətən də sülhməramlıların xəritələrində və məlumatlarında ərazilərin adları Azərbaycan toponimlərinə uyğun qeyd olunursa, bu, bizi məmnun edə bilər”.
Ekspertin sözlərinə görə, bu çıxış Rusiyadakı bəzi maraqlı qüvvələrin varlığını göstərir:
“Bu çıxışdan belə nəticə hasil olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində adların dəyişdirilməsində maraqlı qüvvələr var. Həmin qüvvələr Azərbaycan və sülhməramlılar arasında soyuq münasibət yaratmaq istəyirlər. Rusiya mətbuatında ermənilərin çoxluq təşkil etdiyini nəzərə alsaq, bu təəccüblü deyil. Hesab edirəm ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində də ermənilər bunu belə qeyd ediblər. Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun bu çıxışından sonra Rusiya Müdafiə Nazirliyi tərəfindən məsələyə diqqət yetiriləcəyini düşünürəm”.
Ş.Ramaldanov vurğulayıb ki, Laçın yoluna ruslarla birgə nəzarət edəcəyik:
“Belə olan halda Azərbaycan öz ərazisinin ağası olduğunu və heç bir halda güzəştə getmədiyini göstərmiş olur. Sülhməramlılar monitorinq və digər formalarda ermənilərin sıx yerləşdiyi ərazilərin məhz Azərbaycan ərazisi olduğu bir daha təsdiq edəcəklər. “Laçın dəhlizi”ndə Rusiya sülhməramlıları ilə birgə nəzarət aparmaqla orada nə baş verdiyini müşahidə edə biləcəyik. Rusiya sülhməramlıları buna müəyyən formada maneə olmağa çalışsalar, onda onların əsl niyyətləri ortaya çıxacaq. “Laçın dəhlizi”nə nəzarətimiz arzuolunmaz şəxslərin, hərbi yüklərin daşınmasının qarşısını alacaq”.