ABŞ Federal məhkəməsi jurnalist Camal Qaşıqçının xanımı Xədicə Cengizin Səudiyyə Ərəbistanı şahzadəsi ilə bağlı müraciətinə cavab verib.
Modern.az xəbər verir ki, hakim Con Beyts şikayətçinin vəliəhd şahzadə Məhəmməd bin Salmanla bağlı irəli sürdüyü iddianı rədd edib. Qərara əsasən, şikayət əsaslı hesab olunmayıb.
Məlumata görə, Bayden administrasiyası məhkəməyə Məhəmməd bin Salmanla bağlı şikayətə baxmamağı tapşırıb. Buna səbəb kimi şahzadənin dövlət adamı olaraq toxunulmazlığa malik olması göstərilib.
Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də nikah şəhadətnaməsi almaq üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun həyat yoldaşı Xədicə Cengiz qətldə Səudiyyə rəhbərliyini, xüsusilə də şahzadə Salmanı təqsirli hesab edir.
İddialara görə, jurnalist şahzadənin tapşırığı əsasında öldürülüb. Lakin məhkəmə bu iddiaları təsdiqləməyib.