Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Məclisində çıxış edib.
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin sədri olaraq onun Türkmənistana ilk rəsmi səfəri Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edir.
Əsrlər boyu sülh şəraitində yaşamış xalqlarımızı ortaq tarix, mədəniyyət, dil və din birləşdirir. Son illərdə dövlət başçılarımızın qətiyyəti sayəsində siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələri əhatə edən ikitərəfli əlaqələrimiz daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu gün ölkələrimizdə bir sıra sahələr üzrə görülən işlər, həyata keçirilən layihələr nəinki ikitərəfli əlaqələrimizin güclənməsinə töhfə verir, eyni zamanda regionumuzda və daha geniş məkanda sabitliyə, rifaha, davamlı inkişafa və əməkdaşlığa xidmət edir.
Ölkələrimiz təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri fürsətdən istifadə edərək, bir neçə gündən sonra qeyd olunacaq Türkmənistanın neytrallığının beynəlxalq aləmdə tanınmasının növbəti ildönümü münasibətilə qardaş Türkmənistan xalqını təbrik edib. O, bildirib ki, BMT-nin Türkmənistanın neytrallığını tanıyan qətnaməsinə Azərbaycan da həmmüəllif kimi qoşulub. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistanın neytrallıq statusunun əhəmiyyətini qeyd edərək, Türkmənistanın müstəqil xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın təmsilçiləri olaraq, biz parlament üzvlərini də mövcud əlaqələrimizi daha da genişləndirməyə təşviq edir. Bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşləri, dostluq qruplarımızın birgə fəaliyyəti insanlarımız arasında əlaqələrin güclənməsinə və ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə töhfə verir. Bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşinin Xalq Məsləhəti arasında imzalayacağımız əməkdaşlıq haqqında Memorandum da məhz bu məqsədə xidmət edir.
Milli Məclisin sədri bildirib ki, parlament diplomatiyasının əhəmiyyətinin artdığı indiki dövrdə beynəlxalq parlament təşkilatları çərçivəsində işbirliyi də xüsusi aktuallıq qazanır. Parlament nümayəndə heyətlərimiz Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, ATƏT Parlament Assamleyası kimi beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ötən ilin noyabrında Madrid şəhərində yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlamentlərimiz arasında çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətli platformadır.
Azərbaycan parlamentinin rəhbəri iclas iştirakçılarına Azərbaycanın bugünkü reallıqları barədə məlumat verib. O, bildirib ki, qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk demokratik parlament respublikası yaratsa da, bu respublika cəmi 23 ay yaşadı. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. İlk illərdə gərgin siyasi-iqtisadi vəziyyət, vətəndaş müharibəsi təhlükəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı səbəbindən ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Yalnız Azərbaycan xalqının təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, böyük təcrübəsi və uzaqgörən siyasəti sayəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxlaya bildi, dövlətçiliyin əsasları formalaşdırıldı və iqtisadi inkişafı təmin edən mühüm layihələr həyata keçirildi. Hazırda Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və əldə olunan uğurların təməlində məhz bu amil dayanır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edərək, 3 dəfədən çox artıb. Qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet kimi müəyyən edilib. Aparılmış sosial-iqtisadi islahatlar nəticəsində işsizlik təqribən 6 faizədək azalıb, yoxsulluq səviyyəsi isə 49 faizdən təqribən 5 faizə enib. Ümumilikdə, Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Enerji sektorunda düşünülmüş strategiya, irihəcmli investisiyalar və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi neft və qaz layihələrinin həyata keçirilməsi ilə Azərbaycan etibarlı enerjisi ixracatçısına çevrilərək, öz tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verir.
Ölkəmizdə ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biridir.
Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil siyasət həyata keçirir. Azərbaycanın irəli sürdüyü bütün təşəbbüslərin mərkəzində sülh, təhlükəsizlik və əməkdaşlıq məqsədləri dayanır. Azərbaycan 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının səviyyəsini nümayiş etdirir. Hazırda Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycanın müasir dövrün çağırışlarına qarşı mübarizədə qlobal həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslərə Türkmənistanın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk.
Spiker Sahibə Qafarova çıxışında qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddət ərzində qonşumuz Ermənistanın işğalı altında qalmışdı. Təəssüflər olsun ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri yerinə yetirilməmişdir.
İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub. Ermənistanın apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirib. Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın azərbaycanlı hələ də itkindir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını özü təmin edib.
Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanılıb.
Həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olub və yaralanıb. Ermənistan işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməkdən hələ də boyun qaçırır, əksinə ərazilərimizdə mina basdırmağa davam edir.
İşğal qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün səylər göstərir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılmasını və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalamasını təklif edib. Təəssüf ki, Ermənistan hələ də öz destruktiv addımları və ziddiyyətli bəyanatları ilə bu prosesə əngəl törədir və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan indiyə kimi öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməkdən imtina edir. Halbuki, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevriləcək Zəngəzur dəhlizi bütün regiona fayda gətirəcəkdir.
Ermənistan bu cür davranışlardan çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.
Çıxışının sonunda Milli Məclisin sədri bir daha Azərbaycan-Türkmənistan əlaqələrinə toxunaraq bildirib ki, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, gündən-günə genişlənən əməkdaşlıq əlaqələri bizləri olduqca məmnun edir. Bizlər də parlament üzvləri olaraq bu əlaqələrin bundan sonra da möhkəmləndirilməsi üçün səylərimizi artırmalı, həmrəyliyimizi və birgə fəaliyyətimizi daha da gücləndirməliyik. Çünki bu, xalqlarımızın iradəsindən qaynaqlanır və ölkələrimizin mənafelərinə xidmət edir.
Çıxışına yekun vuran Azərbaycan parlamentinin rəhbəri Türkmənistana sülh, firavanlıq və tərəqqi arzularını çatdırıb.