Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Bişkek səfəri təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Səfər yenidən planlaşdırılıb. Hələlik dəqiq tarix məlum deyil, lakin bu, dekabrın sonuna qədər baş tutacaq”, – deyə respublikanın Xarici İşlər Nazirliyi təxirə salınmanın səbəbini açıqlamayıb.
Qeyd olunur ki, iki dövlət liderinin görüşünün təxirə salınması barədə qərar onlar arasında aparılan danışıqlardan sonra qəbul edilib.
Dekabrın 9-da Bişkekdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinə Özbəkistanın baş naziri Abdulla Aripovun səfəri planlaşdırılır.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Aİİ sammitində iştirakını təsdiqləyib. Onun Minskin Avrasiya İqtisadi İttifaqının inkişafının strateji istiqamətləri ilə bağlı təkliflərini təqdim edəcəyi gözlənilir.