“Dekabrın 4-də “sülhməramlı”ların xəritəsində “Xocavənd” və “Ağdərə” yazıldı. Amma…”

“Əslində Rusiya Qarabağa öz nəzarətini qurmaq siyasəti aparır ki, o, nə azərbaycanlıların, nə də ermənilərin olsun.  Kreml vaxtaşırı olaraq gah bir, gah da o tərəfə reverans edir…”

 

“Azərbaycan Müdafiə Nazirliyi kifayət qədər əsaslı və qanuni əsaslarla sülhməramlıların xəritəsində Azərbaycan toponimlərinin göstərilməsini tələb edir”.

 

Moderator.az xəbər verir ki, bunu “Hərbi Hüquqşünaslar” QHT-nin rəhbəri, hərbi ekspert Telman Əbilov  “Kavkazski uzel” nəşrinə açıqlamasında bildirib 

 

“Sülhməramlıların yerləşdiyi zona suveren Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsidir. Oduer ki, sülhməramlılar artıq mövcud olmayan Sovet İttifaqının Baş Qərargahının xəritələrinin məlumatları ilə fəaliyyət göstərməməli, Azərbaycan Respublikasının rəsmi məlumatları və toponimlərindən istifadə etməlidirlər.  BMT tərəfindən rəsmən tanınan Azərbaycan xəritəsində Qarabağın erməni məskunlaşan hissələrinin yaşayış məntəqələri Azərbaycan toponimləri ilə – Xankəndi (erməni adı – Stepanakert), Xocavənd (erməni adı – “Martuni”) və s. göstərilmişdir”, – deyə T.Əbilov xarici media əməkdaşına bildirib.

 

O vurğulayıb ki, Rusiya hərbçiləri Azərbaycan qanunlarına ciddi əməl etməlidirlər.

 

“Sülhməramlılar beynəlxalq mandata malik olsalar və beynəlxalq statusu olmayan bəzi mübahisəli ərazilərdə yerləşsəydilər, bəzi başqa təyinatlardan istifadə edə bilərdilər. İndiki halda Rusiya sülhməramlı kontingentinin BMT-dən mandatı yoxdur və Rusiya hərbçiləri ibütövlüyü beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan dövlətinin ərazisindədirlər”, – deyə Əbilov əlavə edib.

 

T.Əbilov  Rusiya hərbi kontingentinin komandanı Volkovun toponimlər haqda açıqlamasını “hiyləgərlik” adlandırıb.

 

“Volkov məsuliyyətdən qurtulmağa çalışır, amma özü də Moskvanın bölgəyə göndərdiyi Müdafiə Nazirliyinin nümayəndəsidir. Əslində Rusiya Qarabağa öz nəzarətini qurmaq siyasəti aparır ki, o, nə azərbaycanlıların, nə də ermənilərin olsun.  Kreml vaxtaşırı olaraq gah bir, gah da o tərəfə reverans edir”, – hərbi ekspert belə edib.

 

O qeyd edib ki, bu cür davranışlar sülhməramlıların mandatını uzatmaqdan imtina etmək üçün əsas ola bilər.

 

“Dekabrın 4-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytındakı “sülhməramlı”lar xəritəsində bir neçə yaşayış məntəqəsi rəsmi Azərbaycan adları: “Xocavənd”, “Ağdərə” olaraq göstərildi. Amma sonra bu xəritə yox oldu, dekabrın 5-də  və 6-da isə eyni erməni toponimlərinin olduğu xəritə yenidən peyda oldu. Azərbaycan dövlətinə hörmətsizlik nümayiş etdirən milli toponimlərə məhəl qoymamaq, üçüncü ölkənin hərbi yükləri və  vətəndaşlarını Laçın “dəhlizi” vasitəsilə bölgəyə buraxmaq  Azərbaycanın Rusiya sülhməramlılarının 2025-ci ildə qalma müddətinin uzadılmaması üçün əsas yaradır. Amma Azərbaycan artıq Qarabağa hərbi yüklərin çatdırılmasının qarşısını almaq üçün Laçın “dəhlizi” ilə yüklərin daşınmasına ən azı birgə nəzarətin yaradılmasında israrlı olmalıdır”, – deyə hərbi ekspert vurğulayıb.

 

Sultan Laçın

Mənbə

Share: