Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlər arasında görüş keçirilib. Tədbir sosial mediada birmənalı qarşılanmayıb və bununla bağlı müxtəlif fikirlər səsləndirilib.
Modern.az xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz məlum hadisəyə görə universiteti tənqid etmək əvəzinə, təqdir etməyin tərəfdarı olduğunu qeyd edib.
O bildirib ki, hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur: “Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda UNEC-i, universitetləri TikTok-dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı”.
O. Gündüz əlavə edib ki, hökumətdən, Elm və Təhsil Nazirliyindən, UNEC-dən və digər universitetlərdən TikTok-la bağlı bunları xahiş və tələb etməliyik:
“ – TikTok-da faydalı kontent istehsalına resurslar ayrılsın,
– Azərbaycandilli faydalı kontentin yaradılması, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək verilsin,
– TikTok-da təhsil yönümlü, intellektual yönümlü , vətənpərvərlik istiqamətində video resursların hazırlanması üçün qrantlar verilsin,
– TikTok-dan, onun marketinq alətlərindən startap ekosistemin, sahibkarların biznes və tanıtım üçün necə effektiv istifadə olunması ilə bağlı təlimlər keçirilsin, maarifləndirici resurslar hazırlansın,
– Bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması, uşaqların informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyəıt dəstəklənsin və s.
Məsələn, müşahidə etsək ki, UNEC tiktokerlərlə bu cür görüşdən sonra öz tələbələrini də cəlb etməklə təhsil, marketinq yönümlü faydalı video resurslar hazırlamaq üçün auditoriyası geniş olan tiktokerlərə qrantlar ayırıb, bunu ancaq alqışlamaq olar”.